"Bu, sadəcə kobud haker hücumu deyildi"-Anar Məmmədov


“Criminal.az” saytı kiberhücuma məruz qalıb, nəticədə 400-dən çox məqalə və yazı silinib. 7gun.org xəbər verir ki, bu barədə Turan agentliyinə saytın rəhbəri Anar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, müdaxilə yanvarın 20-də saat 14.27-30 aralığında baş verib.

“Bu, sadəcə kobud haker hücumu deyildi. Şifrəni sındırdıqdan sonra admin-panelə giriblər və 400-dən çox yazını məqsədyönlü şəkildə siliblər”, - A.Məmmədov bildirib.

20 yanvar iş günü olmadığından o, müdaxiləni ertəsi gün görüb.

“Nə baş verdiyini anlayınca bunun xarici müdaxilə olduğunu bildik, qeydlər də məqsədyönlü şəkildə silinib” deyən A.Məmmədov qeyd edib ki, mütəxəssislər nəşrləri bərpa etməyə çalışırlar. O, hadisəni tənqidi materialların dərcinə görə özünə təzyiq kimi qiymətləndirir.

A.Məmmədov Baş Prokurorluq, DİN, DTX, Xüsusi Dövlət Mühafizə Xidmətinə və Rabitə Nazirliyinə müraciət edərək baş verənlərin araşdırılmasını və günahkarların cəzalandırılmasını xahiş edib.

Xatırladaq ki, yanvarın 10-da sosial şəbəkələrdə A.Məmmədovun hansısa oliqarxın sifarişi ilə vəhşicəsinə döyülməsi barədə saxta məlumat yayılmışdı. Jurnalist DİN rəhbərinə müraciət etmişdi.

Yanvarın 13-də nazir Vilayət Eyvazov onu qəbul edib və hadisənin araşdırılacağına söz verib.

Yanvarın 10-da A.Məmmədov Ağdam rayonunda iş adamı Məlahət Qurbanovanın ona qarşı iddiası üzrə məhkəmə iclasında olub. M.Qurbanova “böhtan” və “təhqir”ə görə jurnalistin həbs olunmasını tələb edib.

A.Məmmədov təqsirli kimi tanınarsa onu 2 ilədək azadlıqdan məhrumetmə cəzası və üstəgəl 2018-ci ilin iyulunda baş vermiş Gəncə hadisələri haqda yazılara görə şərti olaraq çəkdiyi 5,5 il müddətinə həbs cəzası gözləyir.