Hüquq müdafiəçisi Mehriban Əliyevaya səsləndi-FOTOLAR
Məhəmmədi- Kürdəxanıda ekoloji tarazlığa zidd olaraq gölləri qurudaraq əraziləri, Ləhiş bağlarında isə dəniz kənarının qumunu və torpağını “Kamaz”- larla daşıyıb satırlar.Bu yaxınlarda baş vermiş bir hadisə məni xeyli təsirləndirdi. Bir müddət öncə M. Əliyeva Sabunçu rayon Kürdəxanı qəsəbəsinə gəlib. Bir ailyə qonaq olub. Səfərdən sonra adı çəkilən kənddə onun adı ilə bəzi işlər görməyə başlayıblar. Yeni məktəbin tikintisinə start verilib, kənd arası yolların bir hissəsi asfaltlaşdırılıb, zeytun bağları olan ərazidə park salınır. İlk baxışdan sual etmək olar: burda qəribə və yeni nə var ki!?
İşin qəribəliyi və qəlizliyi odur ki, özünü təbiətin, heyvanların, ağacların dostu kimi təqdim edən BMT- nin “sülh məramlı səfiri” Mehriban Əliyevanın adı ilə avqust ayında bar verməkdə olan zeytun bağlarını məhsul üstündə ola- ola qəddarcasına budayıb parka çevirirlər (!?). Əlbəttə çoxsaylı əhalisi olan qəsəbədə park salınması yaxşı haldır. Amma bunun üçün başqa münasib yerlər olduğu halda bar verməkdə olan zeytunluğu yayda budayıb, insanların 20- 25 illik maşın yolunu bağlayıb “xala xətrin qalmasın” park salmaq görəsən kimə lazımdır?. Park nə park? Başdan ayağa qüsur içində... Yarı qaranlıq, yarı işıqlı, uşaqlar üçün cəmi bir yerdə bir ədəd (!?) süni sürüşmək yeri qoyublar. Park salmağı ağaclara qulluq, insanlara xidmət adı qoysalar da bütün yayı zeytun ağacları susuzluqdan yandı, onlara bir bardaq su verən tapılmadı. İnsanların isə parkda dincəlmək üçün cəlbedici heç nə yoxdur və s. Bunlar öz yerində...
İşin daha betər qəribəliyi və qəlizliyi “park salmaq” əməliyyatını həyata keçirənlərin bu işdən də qazanc əldə etməsidir. Necə? Çox sadə... Ərazidə tikinti- abadlıq işləri getdiyi, necə deyərlər baş qarışıq olan vaxt zeytun bağlarının bir hissəsi daş hasara alınaraq kimlərəsə peşkəş edilib (!?). Artıq həmin ərazi kafe kimi fəaliyyət göstərir, zeytun ağaclarının altına stol- stul qoyub pul qazanırlar (!?). Yol tərəfini də obyekt yeri düzəldirlər. Təsəvvür edin, 35- 40 illik zeytun bağlarının bir hissəsi qocaman ağacları ilə bir yerdə zəbt olunub. Yerli sakinlər bildirir ki, zəbt olunan ərazi “park salma” işlərini həyata keçirən Sabunçu rayon icra hakimiyyəti tərəfindən bir sahibkara satılıb (!?) . Alış- veriş işində icra başçısı Adil Vəliyevin adı çəkilir. Təbii ki, baqşa cür ola da bilməzdi. Azərbaycan reallığına uyğun olaraq həm ərazinin- rayonun faktiki mütləqi sahibi odur, həm də “park işi”- nə o özü bir başa rəhbərlik edir. Tez- tez əraziyə gəlib işlərə nəzarət edir. Belə olan halda onun xəbəri və razılığı olmadan zeytun bağının bir hissəsi zəbt oluna, satıla bilməz...
Bu məsələnin niyə üzərində geniş dayandım. Təsəvvür edin, bunlar görün nə qədər görməmiş və kəmfürsətdirlər ki, park salmaq adı ilə 30- 40 illik zeytun bağlarına qənim kəsiliblər, qarışıqlıqdan istifadə edib ərazini satıb ordan da xeyr götürmək istəyirlər. Sonra da deyirlər ki, bu zehniyyət xalqa xidmət edir. Bunlara bir az da imkan verilsə ölkədə ayaq basmağa boş yer, kəsilməmiş ağac, qurudulub satılmamış göl qalmayacaq. Xəzəri hasarlayan zehniyyətin əlindən başqa nə gələcək ki? Sabunçu rayonunda, Məhəmmədi- Kürdəxanıda ekoloji tarazlığa zidd olaraq gölləri qurudaraq əraziləri, Ləhiş bağlarında isə dəniz kənarının qumunu və torpağını “Kamaz”- larla daşıyıb satırlar (!?) və s.
Mehriban Əliyeva özünü humanizm prinsiplərinin carçısı kimi təqdim edir. Abidələrin, monastırların, kilsələrin, kəsilən ağacların, sahibsiz heyvanların himayədarı kimi göstərir. Çox yaxşı. Buyursun, baxsın. Onun adından istifadə edib park salmaq adı ilə gözdən pərdə asırlar. Zeytun bağlarını bar verən zaman qolunu- budağını yerli- dibli budayıb bağın bir hissəsini günün günorta çağı zəbt edib hasara alıb satırlar. Qoy, səlahiyyətlərindən istifadə edib heç olmasa bu dəfə tədbir görsün. Susursa deməli həmin işbazlarla məsuliyyəti bölüşür. Və bu suala da cavab versin; bir bağı qoruyub ona sahib çıxa bilməyənlər ölkəyə hansı mənəvi haqla sahib çıxmaq istəyirlər?
Mən eyni zamanda Ekologiya və Təbi Sərvətlər naizrliyinə, Kənd Təsərrüfatı nazirliyinə, Bakı şəhər icra hakimiyyətinə müraciət edirəm; “park salma” adı ilə zeytun bağlarının qolunu, qıçını kəsib parka çevrilməsi, ərazinin bir hissəsini hasarlayıb zəbt edilməsi, kafeyə çevrilməsinə aydınlıq gətirsinlər. Adı çəkilən qurumlara bu barədə rəsmi müraciət də edəcəyəm.
P. S. Məsələni diqqətdə saxlayacam. Kəsilmiş və hasarlanıb zəbt olunmuş zeytun ağaclarının fotolarını təqdim edirəm.
Hüquq müdafiəçisi Oktay Gülalıyev