Zəfər Əhmədlinin həbsdə saxlandığı müddətdə səhhəti pisləşib


AXCP fəalı Zəfər Əhmədlinin inzibati həbsdə saxlandığı müddətdə səhhəti kəskin pisləşib. O, avqustun 26-da həbsdən azad edilib.

Onun sözlərinə görə, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlanma şəraiti əlverişli deyildi. "Gündə bir dəfə səhər çay içmək olurdu, adi kran suyu içirdik ki, bunun da tərkibi təmiz deyildi, isti su yox idi, soyuq su ilə çimməyə məcbur idik. Bütün bunlar da orqanizmə öz təsini göstərir. Odur ki, sabahdan müayinə olunub, müalicə almağa çalışacağam". - Z.Əhmədli bildirib.

Saxlanmasının səbəblərinə gəlincə, Z.Əhmədli deyir ki, bu, hələ indi də ona aydın deyil: "Bu, siyasi və dindar məhbus ailələrinin hüquqlarının müdafiəsi fəaliyyətimlə bağlı ola bilər. Facebook-dakı fəallığım da bu həbsə motiv ola bilər. Amma adını qoydular ki, ucadan danışmışam, söyüş söymüşəm, polisin əmrinə tabe olmamışam. Heç biri əsaslı deyil və gülüş doğuran hallardır".

Xatırladaq ki, iyulun 27-də Xətai Rayon Məhkəməsi Z.Əhmədovu polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs edib. Fəalın apellyasiya şikayəti təmin edilməyib.

Hüquq müdafiəçilərinin fikrincə, həbsin əsl səbəbi Facebook-dakı tənqidi statusları və vətəndaş fəallığıdır.

Z.Əhmədli AXCP fəalı Fuad Əhmədlinin atasıdır. F.Əhmədli 2016-cıi avqustun 17-də saxlanılıb və 302.1 (əməliyyat ‐axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi onu 4 il azadlıqdan məhrum edib. F.Əhmədli ittihamları qəbul etməyərək həbsinin siyasi motivli olduğunu bildirir.