Haqq mütləq qalib gələcək


AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı zindandan yazır:

O gün mütləq gələcək

Mən burda yaxşıyam, ümid edirəm ki, siz də yaxşısiz. Sizlərlə yenidən səmimi söhbət etmək istəyirəm.

Dostum, bu məktubu zindandan yazıram. Səndən tək xahişim budur ki, qəlbimin səsini dinləyəsən. Bütün insanlar dünyaya məsum doğulur. Xeyir və şər arasında, haqlı və haqsız arasında, zaılım və adil arasında seçim etmək bizim ixtiyarımızdadır. Həqiqət səndən kənarda deyil, sənin özündədi. Özündə özünü tapmalısan. Özünü özünə təslim etdirməlisən. Özünə hakim ol və onda həqiqəti görəcəksən. Özünə qalib gəlsən azad olacaqsan.

Bugün özümüzü qorumaq üçün tiranlarla, divlərlə döyüşürük. Çünki həyatın özü də mübarizədir və mübarizə aparmamaq məğlubiyyəti qəbul etməkdir. Bugün Azərbaycan qanmazlıq bataqlığında çabalayır. Bizim mübarizəmiz zalımla, zülmlə, əyriliklərlə, ədalətsizliklərlədir. Buna görə həbslə, məhrumiyyətlərlə, işgəncələrlə üzləşməli oluruq. Bu ölkədə əsl barış o zaman olacaq ki, xalqın sevdiyi və seçdiyi hökumətimiz olacaq. İkiüzlülüyün masqasının cırıldığı gün mütləq gələcək. Sağlam təməl uğrunda yeni saraylar tikəcəyik. Ədalətli və işıqlı gələcəyə ümidli olmalıyıq. Xalqı qorxudan çıxarmalı, iradəmizin qılıncıyla başımıza dəyən çomaqları kəsməliyik. Qaranlıq fikirlərin yerini işıq saçan düşüncələr tutmalıdır. Köləliyi yayanlar ağa olmamalıdır, azadlıq ən üstün dəyər olmalıdır.

Mən zindandan analara səslənirəm. İmkan verməyin ki, avtoritarizm övladlarınızı əlinizdən alsın. Bütün özbaşınalıqlara son qoymaq üçün səfərbər olun. Əzab-əziyyətlərlə dünyaya gətirdiyiniz övladlar hüquqsuzluğun, talançılığın, ədalətsizliyin qurbanına çevrilir.

Bugün real mübarizə aparan qüvvə Milli Şuradır. Milli Şuranın qələbəsi Azərbaycanın qələbəsidir. Bu qələbəni mən, sən, o təmin etməlidi. Artıq yenidən dirçəlməyin zamanıdır. Haqq mütləq qalib gələcək. Üzüntülər keçmişdə qalacaq. Azadlığın günəşi doğulacaq və səadət bizə yar olacaq.