Bir gəncin də həyatı burulğana düşdü-FOTO


Ölkədə avtomobil qəzaları nəticəsində ölən və xəsarət alanların sayı gündən-günə artır. İnsanların normal həyat tərzi pozulur, sağlamlıqlarını itirirlər.

İctimai qınaq və insanların harayı avtomobil qəzaları qarşısında aciz qalıb. Baş Dövlət Yol Polisi İdərəsi isə yalnız statistik rəqəmləri hesablayır. Sürücülük təhsili almadan 800- 900 manat rüşvət hesabına sürücülük hüququna sahib olanlar ölkə əhalisinə qarşı elan edilməmiş müharibə aparırlar. Mətbuatın açıqlamalarına dövlətin aidiyyatı qurumları biganə yanaşırlar. Rüşvət və korrupsiyaya qurşanmış məmurlar sanki xalqa qənim kəsilib.

7gun.org-ın məlumatına görə 28 dekabr 2019-cu ildə axşam saat 11 radələrində daha bir gəncin həyatı yük maşınının hədəfi olub. Həmin gün Xəzər rayonu Binə qəsəbəsinin Südçülük sovxozu ərazisində 218 saylı məktəbin yaxınlığından keçən şossenin səkisi üzərində 2020- ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılacaq 20 mart 2000-ci ildə Kürdəmir rayonunda anadan olmuş Əliyev Şahin Teymur oğlu "Ford" markalı 99 JA 172 dövlət nömrə nişanlı yük maşını tərəfindən vurularaq ağır kəllə- beyin əzilməsi və bədən xəsarətləri almışdır.

Şahin Əliyevlə eyni məhəllədə yaşayan Nail Omarov, Əhliman Cəfərzadə və Fuad Mustafayev bildirirlər ki, sürücü maşını saxlamayaraq hadisə yerindən qaçmışdır. Deyilənə görə yük maşını "Forrest" şirkətinin Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən mebel fabrikinə məxsusdur. Bədbəxt hadisəni görənlər yük maşınını idarə edən orta boylu, dolu bədənli sürücünün və yanında oturan digər şəxsin sərxoş olduqları barədə danışırlar. Hadisə yerinə gələn Fuad Mustafayev yerli sakinlərin köməyi ilə Şahin Əliyevi təcili tibbi yardım maşını ilə 3 saylı Sabunçu Klinik Xəstəxanasına yola salmışdır. Həmin gün Şahin Əliyev ağır vəziyyətdə Sabunçu Klinik Xəstəxanasından "Bakı Mical Plaza" Hospitalına göndərilmişdir.

"Bakı Medical Plaza" hospitalında Şahin Əliyevin beynində ağır cərrahiyyə əməliyyatı aparılmış və kafa tasının əzilmiş hissəsi götürülmüşdür.
Baş verən hadisə zamanı ağır xəsarət almış Şahin Əliyevin anası Gülnar Əliyevanın sözlərinə görə fakt üzrə Xəzər rayon Polis İdarəsinin İstintq Şöbəsinin müstəntiqi Azər Həsənovun icraatında cinayət işi başlanmışdır. O, qəza törədən yük maşınının sürücüsü Rəcəbov Anar Soltan oğlunun saxlanması barədə məlumatlı olduqlarını bildirir. Lakin müstəntiqin cinayət işi üzrə aparılan istintaq barədə zərərçəkən şəxs kimi onların ailə üzvlərinə məlumat vermədiyini deyir. Hətta, müstəntiq onları "hara istəyirsiniz şikayət edin!"- deyə kobud formada iş otağından çıxartmışdır. Gülnar Əliyeva deyir ki, həmçinin müstəntiq bizdən "Forrest" şirkətinin və Yeni Suraxanıdakı mebel fabrikinin adlarını çəkməməyi tələb edib. Gülnar Əliyevanın dediyinə görə qəza baş verən zaman yük maşınında mebel fabrikinin sex rəisi Seymur adlı şəxs də olub. Onun sözlərinə görə müstəntiq Azər Həsənovun da bu haqda məlumatı var.

Gülnar Əliyeva oğlunun müalicəsindən ötrü "Bakı Medical Plaza" hospitalın hesabına 28 dekabr 2019- cu ildən 25 yanvar 2020- ci ilə kimi ailəsi tərəfindən 30 (otuz) min manatdan çox pul ödənildiyini, 20 (iyirmi) min manatdan çox borc pul aldıqlarını, hal- hazırda isə imkanlarının tükəndiyini qeyd edərək, ailəsinin ağır maddi böhrandan çıxmasından və oğlunun müalicəsinin davam etdirilməsindn ötrü ölkə rəhbərliyinə rəsmi müraciət etdiyini bildirib. O, ailəsinin ağır durumda yaşadığını nəzərə çatdırıb.

DİN-in şöbə rəisi Ehsan Zahidov 7gun.org-a açıqlamasında cinayət işi üzrə obyektiv araşdırma aparılacağını bildirdi.

Lalə Rövşən