Mütəxəssisə qarşı haqsızlıq


2-ci qrup Qarabağ müharibəsi əlili Namiq Atakişiyevin şikayətləri niyə araşdırılmır?

Masallı rayon Ərkivan qəsəbəsinin sakini, meşə təsərrüfatı mütəxəssisi Atakişiyev Namiq Balağa oğlu 7gun.org-ın əməkdaşına müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin direktor müavini Ağaqardaş Qaraşovun himayəsi altında çalışan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyinin ona qarşı qərəzli münasibətinin olduğunu bildirib.

Namiq Atakişiyev 1991- ci ildə Rusiya Federasiyasının Voronej şəhərində Meşə Təsərrüfatı İnstitutunu mühəndis - mexanik ixtisası üzrə bitirdiyini deyib. O, 1993 - cü ildə Qarabağ uğrunda aparılan müharibədə Murovdağdakı savaşlarda iştirak etdiyini, 2 - ci qrup Qarabağ müharibəsi əlili olduğunu qeyd edib. Namiq Atakişiyev ixtisasına uyğun olaraq 2000 - ci ilin oktyabr ayından etibarən Masalll Meşə Təsərrüfatı İdarəsində işləməyə başlayıb və müxtəlif vəzifələri icra edib. 01 aprel 2015 - ci ildən 2018 - ci ilin oktyabr ayına kimi Xüsusi vəsait üzrə mühasib vəzifəsində işləyib. 2018 -ci il oktyabr ayının 1- də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin "b" bəndinə əsasən işdən azad edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin və Masallı Meşə Təsərrüfatı Mərkəzinin rəhbərlikləri ali təhsilli mütəxəssis olmasını, Qarabağ müharibəsi əlili və veteranı olaraq dövlətin ona verdiyi imtiyazları nəzərə almamış, mövcud qanunvericiliyə zidd olaraq onun hüquqlarını kobud şəkildə pozmuşlar. Namiq Atakişiyev üzləşdiyi haqsızlıqla bağlı Prezidenti İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə və Masallı rayon İcra Hakimiyyətinin sabiq Başçısı Rafil Hüseynova müraciətlər etsə də, lakin Masallının "meşə legionerləri" onun yenidən işlə təmin olunmasına imkan verməmişlər. Sadəcə olaraq, yerli hakimiyyət orqanlarının səlahiyyət sahibləri meşələri nüfuz dairələrində saxlayan "işgüzar qrupların" maraqlarına xidmət edərək Namiq Atakişiyevin işə bərpa olunmasına biganə münasibət göstərmişlər. İşdən qanunsuz olaraq azad edilməsindən 2 il keçdikdən sonra Masallı rayon İHB-nın müavini Adəm Məhərrəmovun imzası ilə 30 iyul 2020- ci il tarixdə ona göndərilən məktubda bildirilir ki, işə bərpa edilməkdən ötrü Masallı Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyindən məhkəməyə müraciət edə bilər. Namiq Atakişiyev təəssüf edir ki, mövcud qanunvericiliyə görə işə bərpa edilməkdən ötrü şikayət etmə müddətinin başa çatmasından sonra Adəm Məhərrəmovun göndərdiyi "tövsiyyə" məktubu məsuliyyətdən yayınmağa təşəbbüs, səriştəsizlik, insan hüquqlarına aşkar hörmətsizlikdir. Onunla eyni vaxtda struktur islahatı adı altında ixtisara salınan ali təhsili olmayan meşə mühəndisi, Ağaqardaş Qaraşovun qudası Adil Quliyev, iqtisadçı Ayaz Şükürov, yanğın keşikçiləri - Qılıncov Faiq və Nuriyev Rəvan yenidən həmin vəzifələrinə işə bərpa ediliblər. Ağaqardaş Qaraşovun yeznəsi, Adil Quliyevin oğlu Sadiq Quliyev özəl şirkətdə işlədiyi halda, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində də mühasib kimi qeydiyyatdadır.

Mərkəzin direktoru Adəm İsmiyev Namiq Atakişiyevə fəhlə kimi işləməyi də rəva görmür. Halbuki, ali təhsilləri olmayan, 2011 - ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə işdən azad olunan iki nəfər - Abturab Bağırov meşə mühafizə mühəndisi, Oqtay Tağıyev isə meşəbəyi vəzifəsində işləyir. Adəm İsmiyev Meşə Təsərrüfatı Mərkəzinin ali təhsilli kadrlar üçün vakant iş yerləri barədə Məşğulluq Mərkəzinə məlumat vermir və ya məlumatları gizlədir. Meşə Təsərrüfatı mütəxəssisi və ali təhsili olmayan adamlar rəhbər vəzifələrdə çalışırlar. O, bildirir ki, Adəm İsmiyev də meşə təsərrüfatı sahəsində mütəxəssis deyil. Namiq Atakişiyev pozulmuş hüquqlarının bərpa edilməsinə kömək göstərmələri üçün Milli Məclisdə Masallını təmsil edən deputatlara və rayon İHB -sı Şahin Məmmədova da müraciət etmişdir. Lakin ərizə və şikayətləri araşdırılmamışdır. O, müstəqil media orqanlarından və insan hüquqlarını müdafiə təşkilatlarından müraciətlərinə dəstək verilməsini xahiş edir.

P.S. 7gun.org olaraq məqalədə adları keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq. Namiq Atakişiyevin müraciəti ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Rafiq Şahbazov