AİHM Azərbaycanla bağlı daha üç yeni qərar elan etdi
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 26-da Azərbaycanla bağlı 3 yeni qərarını elan edib. Qərarlara əsasən, Azərbaycan hökuməti şikayətçilərə ümumilikdə 15 min avro təzminat ödəməli olacaq.7GÜN XƏBƏR Amerikanın Səsi-nə istinadən xəbər verir ki, AİHM “Məmmədov Azərbaycana qarşı” işi üzrə qərarında 2012-ci ildə həbs edilən “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.
2012-ci ilin iyununda narkotik ittihamı ilə saxlanılan Hilal Məmmədova qarşı sonradan dövlətə xəyanət və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri üzrə ittiham irəli sürülüb. 2023-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Yuxarı instansiya məhkəmələri onun şikayətlərini təmin etməyib.
Hilal Məmmədov AİHM-ə Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 6-cı maddəsinə əsasən verdiyi şikayətində ona qarşı məhkəmə icraatının ədalətsiz aparıldığını, açıq dinləmədən məhrum edildiyini iddia edib. Məmmədov həmçinin Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanaraq onun yazılarının ona qarşı sübut kimi istifadə edilməsini mübahisələndirib.
Avropa Məhkəməsi bu gün elan etdiyi qərarında Məmmədovun məhkəmələrinin qapalı keçirilməsi və icraatın ədalətsiz aparılmasına dair şikayətlərini təmin edib və Konvensiyanın 6-cı maddəsinin pozuntusunu tanıyıb. 10-cu maddə üzrə şikayətə isə baxmayıb.
Qərara əsasən, hökumət Hilal Məmmədova mənəvi zərər və xərclərə görə ümumilikdə 6200 avro ödəməlidir.
AİHM-in digər bir qərarı isə “İbrahimov Azərbaycana qarşı” işi üzrədir. Bu işdə ərizəçi İxtiyar İbrahimov dələduzluq ittihamı ilə məhkum edilib. Onun iddiasına görə, cinayət ittihamı ilə bağlı icraatin gedişində, 19 aprel 2016-cı il tarixində Ali Məhkəmədə keçirilən dinləmələr zamanı ona məlumat verilmədiyindən prosesdə iştirak edə bilməyib, bu da onun Konvensiyanın 6.1-cı maddəsi ilə qoruma altına alınan hüquqlarını pozub.
Ərizənin kommunikasiyası zamanı hökumət ərizəçinin barəsindəki məhkəmə dinləməsinin vaxtı və yeri barədə məlumatlandırıldığını iddia edib, ancaq bildirişin faktiki olaraq ərizəçiyə çatdırılmasına dair heç bir sübut təqdim etməyib.
AİHM İbrahimova münasibətdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozuntusunu tanıyıb. Ərizəçi şikayətində hər hansı maddi tələb irəli sürməyib.
Məhkəmənin elan etdiyi digər bir qərar isə “Əliyeva və başqaları Azərbaycana qarşı” işi üzrədir. Bu işdə ərizəçilər Konvensiyanın 11-ci maddəsinə əsasən, dinc toplantıların keçirilməsinə qoyulan məhdudiyyətlərin qanunsuzluğu barədə şikayət ediblər.
Ərizələrin kommunikasiyası zamanı tərəflər dostca razılaşmaya gəliblər. Məhkəmənin həmin anlaşmaya əsaslanan qərarına görə, ərizəçilərin (Bilyant Əliyeva, Səadət Qədirova, Dünya Əliyeva, Səkinəxanım Güləliyeva, Natiq Ələsgərov) hər birinə mənəvi zərər və xərclərə görə 1750 avro ödənilməlidir.