AİHM-i yeni qərarlar qəbul edib


Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 4-də Azərbaycanla bağlı iki yeni qərarını elan edib. Məhkəmə 2013-cü ildə Vergilər Nazirliyi əməkdaşlarının Qanun nəşriyyatında axtarış aparmasını, sənəd və kompüterlərin aparılmasını və bank hesablarının dondurulmasını qanunsuz hesab edib.

“Rüstəmxanlı Azərbaycana qarşı” işində 1992-ci ildə yaradılmış, tanınmış nəşriyyat olan “Qanun Jurnalı Redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, direktoru və sahibi Şahbaz Rüstəmxanlı vergi orqanı tərəfindən əvvəlcədən elan edilməmiş səyyar vergi yoxlamasının keçirilməsi və “Qanun” jurnalı redaksiyasının bank hesablarının dondurulması ilə bağlı şikayəti verib.

Vəkil Xalid Ağaliyevin apardığı işdə Rüstəmxanlı Avropa Məhkəməsi qarşısında şirkətdə aparılan axtarışın, sənəd və kompüterlərin götürülməsini Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin (Şəxsi həyata hörmət hüququ), şirkətin bank hesablarının dondurulmasının isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (Mülkiyyətin müdafiəsi) pozuntusu olduğunu iddia edib.

Rüstəmxanlı həmçinin Konvensiyanın 6-cı maddəsinə (Ədalətli məhkəmə araşdırması hüququ) əsaslanaraq yerli məhkəmələrdə icraatın ədalətli olmadığına dair şikayət edib.

Avropa Məhkəməsi bu gün elan etdiyi qərarında şəxsi həyata hörmət və mülkiyyət hüququnun pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə maddi və mənəvi zərər əvəzi 12 min, hüquqi xərclər əvəzi 1500 avro ödəməli olacaq.

Bu gün elan edilən digər bir qərar isə “Azərbaycan Hüquqşunaslar Assosiasiyası və Hacıbəyli Azərbaycana qarşı” işi üzrədir.

Azərbaycanda Avropa Məhkəməsi qərarlarının monitorinqini aparan Aihmaz.org yazır ki, bu işdə tanınmış hüquqşünas Ənnağı Hacıbəyli 2014-cü ildə rəhbəri olduğu Azərbaycan Hüquqşünaslar Assosiasiyasına səyyar vergi yoxlamasından sonra vergi sanksiyasının tətbiq edilməsi ilə bağlı şikayət edib.

Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanan ərizəçi tərəfi daxili məhkəmə icraatının ədalətsiz olmasından, daxili məhkəmələr onların təqdim etdiyi müvafiq sübutları tədqiq etməməsi və öz qərarlarını əsaslandıra bilməməsi ilə bağlı şikayət edib, həmçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək, onlara tətbiq edilmiş 4600 manat civarında vergi sanksiyasının onların mülkiyyət hüquqlarına qeyri-mütənasib müdaxilə təşkil etdiyini iddia edib.

Avropa Məhkəməsinin bu gün açıqladığı qərarında tərəflərin dostca razılaşma əldə etdikləri qeyd olunur. Razılaşmaya əsasən, hökumət vəkil Xalid Bağırovun təmsil etdiyi ərizəçi tərəfə ümumililkdə 4000 avro təzminat ödəməli olacaq. Amerikanın Səsi radiosu