Birinci Qarabağ müharibəsi dövründə sən harda idin, Məmməd Alıyev?


Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev yenidən "gündəm" olub.

7GÜN XƏBƏR 32gun.az-a istinadən xəbər verir verir ki, rayonun ən aktiv səhifəsi "Qazaxlılar"da edilən paylaşım diqqət çəkib.

Həmin paylaşımı olduğu kimi diqqətə çatdırırıq:

"Səhifəmizə daxil olan şikayətlərdə vətəndaşlar Məmməd Alıyevin özbaşınalıqlarından təngə gəldiklərini bildiriblər. İllərdir ki, yuxarıdakı adamlarına güvənərək vətəndaşlara hədə-qorxu gəlir. Bir tədbir olduqda idarə və müəssisələrə zəng edib gəlməyəcəkləri halda işdən çıxarmaqla hədələyir. Rayon icra başçısını da, rayon polis şöbəsinin rəisini də, rayon prokurorunu da barmağında oynadır. Kimdən xoşu gəlmirsə bir zənglə işini bitirir.

Ən son keçirilən qanvermə aksiyasında da bənzər problemlər yaşanıb".
Xatırladaq ki, M.Əliyev pandemiya dövründə oğluna mal-çağırlı toy etməsi, bələdiyyə sədri olan bacısı oğluna xəstəxanada əlavə iş verdirməsi və oğlu Elnur Alıyevə 120 min dollarlıq “Land Cruiser” avtomobili alması ilə gündəm olmuşdu.

7GÜN XƏBƏR olaraq Məmməd Alıyevlə bağlı bəzi məsələləri də qeyd etməyi vacib bilirik. Çox vaxt onu müəyyən tədbirlərdə çıxış edərək vətənpərvərlik mövzusunda danışır. Belələrinin o mövzular barədə danışması insanlarda qıcıq yaradır. Bilirsiz niyə? Niyəsini qısa və konkret şəkildə izah etməyə çalışacağıq. İnanırıq ki, dəyərli izləyicilərimiz də bizim haqlı olduğumuzu görəcəklər.

Məmməd Alıyev birinci Qarabağ döyüşlərində Qazax rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edirmiş. Deyilənlərə görə onun işi-gücü insanları şərləyib pul qazanmaq olub. O, birinci Qarabağ müharibəsində öz ərizəsi ilə işdən çıxıb, atəşkəs elan edilənə qədər yaxın qohumlarının evində gizlənib. Vətənin dar günündə qaçıb gizlənən Məmməd Alıyevin indi vətənpərvərlik mövzusunda danışması doğrudurmu? Niyə indi ona sual verən yoxdur ki, birinci Qarabağ müharibəsi dövründə sən harda idin, Məmməd Alıyev?

Həmin o Məmməd Alıyev hazırda Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir. Bizim üçün də çox maraqlıdır. Necə oldu ki, onun "ulduzu" birdən-birə belə parladı?

Əldə etdiyimiz məlumata görə Məmməd Alıyevlə bağlı yuxarı instansiyalara saysız-hesabsız şikayətlər göndərilir. Onun qanunsuz hərəkətləri barədə ölkə mətbuatında və sosial şəbəkələrdə məqalələr dərc edilir. Ancaq bütün bunlara görə Məmməd Alıyevə "gözün üstə qaşın var" deyən olmur. Niyə? Onu müdafiə edən kimdir?

Hələ bir müddət öncə Məmməd Alıyev rayonların birinə icra hakimiyyəti başçısı getmək üçün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun vasitəsi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova külli miqdarda pul vermişdi. Əli Həsənov işdən çıxarıldığı üçün Məmməd Alıyevin bu arzusu ürəyində qalmışdı. Buna görə tərəflər arasında narazılıq yaranmışdı. Görəsən Məmməd Alıyev verdiyi pulu geri ala bildimi?

Mövzunu davam etdirəcəm.

Seyid

7GÜN XƏBƏR-lə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Əgər istəyərsə biz qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.