Şahin Bağırovun bir ili: Gömrükdə köhnə hamam, köhnə tas...


Düz bir il əvvəl, iyul ayının 18-də Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Dövlət Gömrük Komitəsində birinci müavin postunun sayı birdən ikiyə qaldırıldı və Şahin Bağırov DGK sədrinin I müavini təyin edildi.

7GÜN XƏBƏR xəbər verir ki, Qaynarinfo Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun bu bir il ərzində gördüyü işləri və apardığı islahatları araşdırıb.

Əvvəla, qeyd edək ki, 2022-ci ilin müxtəlif aylarında hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar zamanı DGK-da generaldan ən aşağı vəzifəyə qədər əsgərlərin siqaretini satan, komitədə monopoliya yaradan, korrupsiya bataqlığına qərq olan xeyli şəxslərin olduğu müəyyən olundu.

Bu əməliyyatlar demək olar ki, hər bir Azərbaycan vətəndaşının ürəyincə idi. Çünki, illərdir bu dövlət qurumunun sözügedən vəzifəli əməkdaşları vətəndaşların səbr kasasını daşdırırdı. Sərhəddə insanların başına olmazın oyunlar gətirilir, incidilir, haqları tapdalanır və necə deyərlər, ciblərinə girilirdi.



Onu da qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək ona öz yerini göstərdi və nəticədə tarixi ədalət bərpa olundu. Bu savaşda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz şərtlərini diqtə etdi və müharibə düşmənin kapitulyasiyası ilə başa çatdı. Bununla da, Azərbaycan 30 illik həsrətə son qoydu. Birlik rəmzi olan "Dəmir yumruq” düşmənlərimizə tarixi dərs verdi və torpaqlarımız işğaldan azad edildi.

Yuxarıdakı hadisələri xatırlamağımız əbəs deyil. Çünki hələ o zaman torpaqlarımızı işğaldan azad edən əsgər və zabitlərimiz üçün ayrılan siqaretləri satıb varlanan gömrük generalları üzə çıxdı. Bu cür işbazlar məhz hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində aşkarlandı. Xalq içimizdəki düşmənlərin kim olduğunu bir daha tanıdı. Bəziləri gömrük sistemindən uzaqlaşdırıldı, bir hissəsi evlərinə, digərləri zindanlara yola salındı.

Son olaraq 16.07.2022-ci il tarixində "gömrükdə rüşvət olarsa, istefa verəcəm” deyən general-polkovnik Səfər Mehdiyevi ölkə başçısı vəzifəsindən azad etdi. İki gün sonra yerinə keçmiş gömrük vəzifəlisi general-leytenant Şahin Bağırov gətirildi. Deyilənə görə, Ş.Bağırov Səfər Mehdiyevin "islahat”larından cana gəlib, istefa verən vəzifəli şəxslərdən olub. Buna baxmayaraq, Ş.Bağırov 2014-2018-ci ildə komitənin sədr müavini vəzifəsində çalışıb.

Nəhayət, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edildi, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verildi. 14 fevral 2023-cü ildə bu komitənin sədri vəzifəsinə təyin edildi.

Ş.Bağırovun bu posta gəlişi az-çox gömrüklə işi olan vətəndaşları sevindirdi. Səbəb bir idi. Hər kəs inanırdı ki, islahat aparılacaq və gömrükdə haqsız süründürməçiliyin qarşısı alınacaq.

Ş.Bağırov gəlişi ilə keçmiş DGK sədrləri Kəmaləddin Heydərov, Aydın Əliyev və Səfər Mehdiyevin rəhbərlik etdiyi dövrlərdə dövlət gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışmış, burada milyonlara sahib olan 10-a qədər generalı və onlarla polkovniki vəzifəsindən azad etdi. Bəziləri sərəncama götürüldü və bir çoxları haqda isə ümumiyyətlə məlumat əldə etmək mümkün olmadı.