Alı Qocayev də yola salınır?


Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev yaxın zamanlarda vəzifəsindən azad olunacaq.

7GÜN XƏBƏR-in məlumatına görə, Gununses.info-nun əldə etdiyi məlumata görə, icra başçısını işdən getməsi onun yaş həddi ilə bağlıdır. Belə ki, hazırda 76 yaşında olan Alı Qocayev 2012-ci ildən Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur.

O, bu vəzifəsindən əvvəl Bakının Binəqədi rayonuna rəhbərlik edib. Qeyd edək ki, Alı Qocayev sabiq vitse-spiker Oqtay Əsədovla qudadır.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli bir müddət əvvəl onun Seyidlər kəndindəki üzüm emalı zavodunu özəlləşdirdiyini yazıb. Samuxun icra başçısı Alı Qocayev rayonun Ziyadlı kəndində böyük ferma sahibi olduğu haqda da mediada iddialar var.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısında Samux kimi kiçik rayona başçı göndərilməsi haqda hələ on il əvvəl yazanda bu təyinatı “vuruldu” kimi yozanlar da vardı. Amma Qocayev artıq 11 ildir ki, bu vəzifədə çalışır, necə deyərlər, icra başçısı postunda qocalıb.

Qocayevin Binəqədidə icra başçısı olan zaman dövlət büdcəsindən yeyintiyə yol verməsi barədə iddialar vardı. Belə ki, Oqtay Əsədovun ciddi dəstəyi ilə Alı Qocayev rayonun abadlıq işləri üçün ayrılmış pulların böyük bir hissəsini ləğv olunmuş MTN-dəki “himayədarlarına” verməli olurmuş. Amma sonda aydın olur ki, yeyintinin həcmi ağılasığmaz dərəcədədir, Həmin zaman Alı Qocayevi xilas edən Eldar Mahmudov olub. Vəziyyətin gündən günə ağırlaşdığının görən Alı Qocayev çıxış yolunu Bakıdan kənarda vəzifə almaqda görür. Və bunun üçün Oqtay Əsədova müraciət edir. Bir müddət sonra Alı Qocayev Binəqədi Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad olunaraq Samux rayonuna təyinat alır. Amma buna baxmayaraq, Bakıdan “qaçan” icra başçısı Eldar Mahmudovu da “görməli” olur və Bakıdan rahat şəkildə çıxa bilmək üçün onu “bir daha yüklü bir şəkildə görür”. Amma mənbə bildirir ki, Eldar Mahmudov və ətrafı Samuxda da rahat buraxmır. Eldar Mahmudov vəzifədən çıxarıldıqdan sonra Alı Qocayev rahat nəfəs ala bilib.

Gələn məlumatlar onu deməyə əsas verir ki, hazırda Alı Qocayev rahat şəkildə təqaüdə getməyə hazırlaşır.

Bəs ona bu imkan tanınacaqmı?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, bu gün istənilən icra başçısının qanundan kənar işləri var: “Belə işlər bir deyil, iki deyil. Sadəcə, hər bir qanunsuzluğa görə icra başçılarının əməlinə qiymət verilməli olsa, kimsə bu postda işləməyə razı olmaz. Çünki idarəetmə sistemi köhnəlib. Yeni qaydalar isə yoxdur. İcra başçısı rayonu idarə etmək üçün gəlib-gedəni yola salmalı, daxili imkanlar hesabına ona tapşırılan işləri görməlidir. Daxili imkanları isə formalaşdırmaq elə də asan iş deyil. Regionlarda zavod, fabrik yoxdur, istehsal isə o qədər böyük deyil ki, rayona kifayət qədər vəsait gətirsin. Ona görə də daxili imkanlar əsasən büdcə pullarının təyinatı üzrə xərclənməməsindən formalaşır. Bu da qanunsuzdur və korrupsiya əməlidir. Belə bir halda rayonlarda icra başçılarını qandallamaq üçün həmişə kifayət qədər əsas var”.

Hüquqşünas deyib ki, 2019-cu ildən bu yana 10-a yaxın icra başçısı qandallanıb. Amma bu gedişat yerlərdə korrupsiya cinayətlərinin azalmasına səbəb olmayıb: “10 icra başçısı həbsə alınıb. Onların hər birindən azı 1 milyon manatdan yuxarı vəsait götürülüb. Alı Qocayev Samuxda 11 il çalışıbsa, araşdırsalar, məlum olacaq ki, ilinə azı 100 min manat əldə edə bilib. Bu ehtimalı yoxlamaq üçün çox da uzağa getmək lazım deyil. Başçının müavinini, mühasibini çağırıb sorğulasalar, məsələ tam çılpaqlığı ilə üzə çıxacaq”.

Hüquqşünas deyib ki, bugünlərdə vəzifədən uzaqlaşdırılan Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı da eyni qaydada araşdırma aparılsa, hər il büdcədən ayrılan vəsaitlərin hansı mənbələrə yönəldiyi üzə çıxarıla bilər: “Bir zamanlar Eldar Mahmudovun müstəntiqləri Əhəd Abıyevin memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədovu 2 milyon manatı “obnaliçka” edərkən yaxalamışdılar. Məlum olmuşdu ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2 milyon manat məbləğində pul ayrılıb. Həmin pul vəsaiti Nazirlər Kabinetinin qərarına əsasən Maliyyə Nazirliyinin əmri ilə ayrılıb. Eldar Mahmudov işdən çıxarılandan sonra, general Sübahir Qurbanov həbs ediləndə Əhəd Abıyev bu işlə bağlı ifadə vermişdi. Demişdi ki, öz işçilərindən ibarət tender komissiyası yaradıb. Həmin tenderdə “Dizayn Constration” adlı şirkət qalib gəlib. Əhəd Abıyev öz ifadəsində açıq-aşkar demişdi ki, əvvəllər Daşkəsən rayonunun ərazisində baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş yaşayış evlərinin və sosial obyektlərin bərpası ilə əlaqədar olan işlər qeyd edilən şirkət tərəfindən yerinə yetirilib və həmin işlər görüldüyünə görə şirkətə yarım milyon manat məbləğində pul vəsaiti ödənilib. 17 sentyabr 2014-cü il tarixdə həmin şirkətin bank hesabına həmin pul vəsaiti köçürülüb, həmçinin şirkətlə olan şifahi danışıqlara görə köçürülmüş vəsaitin bir hissəsi inşaat materiallarının alınması üçün onlara verilməli, körpülərin və avtomobil yollarının tikilməsi üçün istifadə edilməli olan inşaat materiallarını onun göstərişi ilə Elman Məmmədov həmin gün almalı və Daşkəsən rayonu ərazisinə gətirməli olub.

İcra başçısı konkret olaraq deyir ki, biz körpü tikintisi üçün ayrılan puldan pay almışıq və öz istədiyimiz xərclərə yönəldəcəkdik. Bu, qanunsuzluqdur və Eldar Mahmudovun dəstəsi bu qanunsuzluğu bildiyindən Əhəd Abıyevin işçisi Elman Məmmədovu həbs etmişdi. Həmin vaxt onun üstündə olan 680 min manat götürülmüşdü. Sadəcə, Eldar Mahmudovun dəstəsi cinayəti araşdırmaq əvəzinə ört-basdır etmək üçün Əhəd Abıyevin işçisindən 1 milyon istəmişdilər. Əhəd Abıyev Eldar Mahmudovla görüşəndən sonra Elman Məmmədov istintaqa cəlb edilməmişdi. Amma həmin 680 min manat da geri qaytarılmamışdı. Əhəd Abıyev ifadəsində demişdi ki, bundan sonra o, Eldar Mahmudovla hər hansı əlaqə saxlamayıb və görüşməyib. Məcbur olaraq planlaşdırılmış tikinti işlərinin davam etdirilməsini özü təmin edib.

İndi çağırıb soruşsalar ki, həmin 680 min manatlıq iş hansı iş idi, görüldümü? “Dizayn Construction” şirkəti Astav yolunda körpünü tikibmi? Yəni elə bu məsələ araşdırılsa, kifayətdir. Alı Qocayevlə bağlı da mətbuatda olan məlumatları araşdırmaqla ortaya xeyli qanunsuzluqlar ortaya çıxarıla bilər. Sadəcə, buna göstəriş verilməlidir. Ümumilikdə isə sistem dəyişmədikcə, icra başçılarının belə əməlləri davamlı olacaq”.

“Yeni Müsavat”