Dayanacaqlardan yoxa çıxan milyonlar: Sərnişinlər küçədə qalmalıdır?


2015-ci ildən etibarən "Bakı Metropoliteni"ndə və Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi "BakıKart" vasitəsilə həyata keçirilir.

“BakıKart” beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən ictimai nəqliyyatda gediş haqqının nağdsız elektron ödəniş alətidir.

“BakıKart”ın missiyası isə nəqliyyat vasitələrində ödənişlər üzrə vahid ödəniş aləti olmaqla, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ödənişlərin şəffaflığını təmin etməkdir.

Həmin dövrdən "Bakı Metropoliteni"ndə və "BakıKart" avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi plastik kartı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, bir vaxtlar kartın balansını artırmaq yalnız “BakıKart” ödəmə terminalları və POS-terminalları ilə mümkün idisə, sonralar “MilliÖN” terminalları, “BakıKart” mobil tətbiqi və veb portal vasitəsilə də bunu həyata keçirmək mümkün oldu.

Bildirək ki, “BakıKart” terminallarında 10, 20, 50 qəpik dəyərində sikkələrdən və əskinaslardan istifadə edilir.

Xatırladaq ki, “BakıKart”ın nağdsız ödəniş sisteminin tətbiqi sərnişinlər tərəfindən razılıqla qarşılansa da, sonralar bu istiqamətdə həyata keçirilən “yeni ödəniş ideyası” bir sıra problemlərə yol açıb.

Bu sahədə əsas problemlərdən biri və ən başlıcası dayanacaqlarda fəaliyyət göstərən “BakıKart” ödəmə terminalların yığışdırılmasıdır. Bu gün paytaxtda əksər dayanacaqlarda adıçəkilən terminallar yığışdırılıb və vətəndaşlar demək olar ki, əsasən marketlərdə fəaliyyət göstərən “MilliÖN” terminallarının ümidinə qalıb.

Qeyd edək ki, marketlərin heç də hamısında “MilliÖN” terminalı yoxdur. Digər bir fakt isə odur ki, əgər vətəndaş dayanacaqlardakı “BakıKart” ödəmə terminalında 10, 20, 50 qəpik dəyərində sikkələrdən, həm də əskinaslardan istifadə edirdisə, “MilliÖN” terminalında isə yalnız əskinaslardan istifadə mümkündür.

Yəni cibində əskinası olmayan vətəndaş yolda qalmalıdır. Məsələn, bir vətəndaşın pul kisəsində cəmi 1, yaxud da 5 manat varsa, o bütün pulunu terminala ödəməli olur. Yaxud vətəndaşın pul kisəsində anca sikkə varsa, dayanacaqda “BakıKart” ödəmə terminalı yoxdursa, demək o sərnişin də heç bir avtobudan istifadə edə bilmir və dayanacaqda qalmalıdır.

Hazırda bəzi “MilliÖN” terminalının heç də hamısında “BakıKart”la bağlı ödəniş sistemi aktiv deyil.

Bəs dayanacaqda “BakıKart” ödəmə terminalının olmadığı, “MilliÖN” terminalının işləmədiyi təqdirdə vətəndaş necə çıxış yolu tapmalıdır?

Əgər bununla bağlı “BakıKart” mobil tətbiqi və veb portal vasitəsini isə çıxış yolu kimi göstərirsə, qeyd edək ki, bu tətbiq hələ geniş yayılmayıb və ölkə əhalisinin çox az hissəsi bundan faydalana bilir.

Fakt odur ki, “BakıKart”ın missiyası nəqliyyat vasitələrində ödənişlər üzrə vahid ödəniş aləti olmaqla, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ödənişlərin şəffaflığını təmin etməkdirsə, hazırda terminalların yığışdırılması ilə vətəndaş nəinki rahatlıq əldə edib, əksinədaha çox əziyyətlərə qatlaşmalı olurlar.

Nəticədə vətəndaşlar ödəmə terminalı tapmaq üçün uzaq məsafələr qət etməli olurlar. Şəffaflığa gəldikdə, dayanacaqlara yerləşdirilən həmin “BakıKart” ödəmə terminalına xeyli vəsait ayrılmışdı və hazırda həmin terminallar da yığışdırıldığına görə bu vəsait “itirilmiş” hesab edilir.

Xatırladaq ki, bir neçə il öncə dayanacaqlarda quraşdırılan monitorlar da eyni aqibətlə üzləşdi. Xeyli vəsait sərf edilərək ölkəyə gətirilərək quraşdırlan həmin monitorlar bu gün dayanacaqlarda lazımsız əşyaya çevrilib. “BakıKart”la bağlı digər maraqlı məqam isə bu gün vətəndaşların bəzi dayanacaqlarda “canlı ödəniş terminalı” ilə qarşılaşmalarıdır.

Bu gün paytaxtın bir sıra dayanacaqlarında, məsələn, 62 saylı avtobusun dayanacağında əlində ödəniş aparat olan şəxs məhz bu funksiyanı yerinə yetirir.

Maraqlıdır, “BakıKart”ın beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən ictimai nəqliyyatda gediş haqqının nağdsız elektron ödəniş aləti dedikdə bunumu nəzərdə tuturlar? Yoxsa “BakıKart”ın dayanacaqlarda peyda olan bu “canlı ödəniş terminalı”ndan xəbəri yoxdur.

Nəticə odur ki, bu gün bir sıra dayanacaqlarda nə ödəniş terminalları, nə də yaxınlıqda ticarət obyektləri olmadığından vətəndaşlar əllərində 10, 20, 50 qəpik dəyərində sikkələrlə digər sərnişindən onun da əvəzinə ödəniş etməsi üçün xahiş etməli olurlar. Bu isə heç də beynəlxalq standartlara uyğun fəaliyyət göstəricisi deyil.

Nigar Abdullayeva
Cebhe.info