Arif Əliyev: "Vahid Əhmədovun bu addımı digər millət vəkillərinə nümunə olmalıdır"
“Keçən iclaslarımızda qanunları müzakirə edirdik. Bu gün nəyi müqayisə edirik? Çox təəssüf. Öz parlamentimizin daxilində Azərbaycan dövlətçiliyinə zidd olan düşüncələr müzakirə olunur”.Bunu Milli Məclisin bugünkü iclasında parlamentin sədr müavini Fəzail İbrahimli söyləyib. O qeyd edib:
“Burada fikir söylənildi ki, Vahid Əhmədov tələyə düşdü. Qətiyyən bununla razı deyiləm. Vahid müəllim tələyə düşən adam deyil. Vahid müəllim nə eləyirsə, bilərək edir, nə danışırsa, düşünür, danışır. Bu, təsadüfi hadisə deyil. Adətən, dövlətin, millətin çətin günlərində ağsaqqallara böyük ehtiyac duyulur. Bu çətin məqamlarda onların sözünə, nəfəsinə böyük ehtiyacımız var, çox təəssüf ki, geniş həyat təcrübəsi, bütün hökumətlərdə üzdə olan Vahid müəllim bu gün özünü müzakirə obyektinə çevirib.
Deyir ki, 3 deputatdan başqa hamı saxtakardır. Niyə mənim heysiyyətimə toxunursan? Qardaş, adama deyərlər ki, bəyənmirsən, oturma da, qəbul etmirsənsə, vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə qoy mandatını, çıx get. De ki, mən bacarmadım burada”, - deyə Fəzail İbrahimli çıxışı zamanı bildirib.
Fəzail İbrahimliyə cavab verən millət vəkili Vahid Əhmədov bildirirb: “Həmişə dövlətimin yanında olmuşam, dövlətimin mövqeyini müdafiə etmişəm, yenə də edirəm.
“İstər Milli Məclis, istərsə də mətbuatdakı çıxışların da hansı mövqedə olduğu bəllidir. Bu çıxışların haradan idarə olunduğunu dəqiq bilirəm. Kim bu göstərişi verib, onu da bilirəm. Vaxtı gələndə bunun hamısı açılacaq. Fəzail Ağamalı təklif etdi ki, İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Orada da bütün suallara cavab verməyə hazıram. Milləti və dövlətinin yanında olan insanam”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, bir neçə deputat V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib. Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, məsələyə İntizam Komissiyasında baxılacaq.
7GÜN TV-nin məlumatına görə, məsələyə münasibət bildirən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev "Sherg.az"a söyləyib ki, Vahid Əhmədov dövlət strukturlarında tanıdığı ən gözəl mütəxəssislərdən və səmimi insanlardan biridir:
"O bu düşüncələrini müxtəlif formalarda başqa müsahibələrində də ifadə edib. Digər tərəfdən jurnalistlər tərəfindən yaradılan belə bir dözümsüzlük mühiti çox acınacaqlı haldır. Yəqin ki, Vahid Əhmədovu tənqid edən şəxsləri qıcıqlandıran, onun müsahibəni müxalifətçi jurnalistə verməsidir. Lakin fikrimcə, Vahid Əhmədovun bu addımı digər millət vəkillərinə nümunə olmalıdır. Onlar jurnalistin təmsil etdiyi KİV-in siyasi yönünə yox, verilən sualların səmimiliyinə baxmalıdırlar. Odur ki, mən Vahid Əhmədovun bu müsahibəsini yüksək qiymətlədirirəm. Onun dediklərinin kimsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, öz fikirlərini səsləndirmək haqqı var. Vahid Əhmədova yönələn tənqid dalğası isə medianın özünün qeyri-sağlam olduğunun göstəricisidir".