Ev sahibi: “Mənim arvadımın, qızımın adı sənin nəyinə lazımdır?
Naxçıvanda polislərə əhalini siyahıya almaq göstərişi verilib. “Gestapo” Cəlilin və muxtar nazir Rəşad İsmayılovun bu əmrinin məntiqi izahını heç Polis Akademiyasını bitirən asayiş keşikçiləri də bilmirlər. 7GÜN TV-nin məlumatına görə, onların Ovqat.com-a göndərdiyi məktubda bildirilir ki, bu qanunsuz əmrə Naxçıvan camaatı da haqlı etiraz edir, bir çox hallarda qapını polis əməkdaşlarının üzünə bağlayırlar.
Naxçıvan polisləri adından redaksiyamıza göndərilən məktubu olduğu kimi nəzərlərinizə çatdırırıq.
“Salam, Heydər müəllim!Əvvəla, Naxçıvan Polisinin üzləşdikləri problemləri işıqlandırdığınıza görə sizə təşəkkür edirəm. Düzdür, siz hər hansı bir məsələyə toxunduqda, rəhbərlik bunun qisasını bizdən alırcasına zülmünü daha da artırır, amma ən azından bu zülmün nə vaxtsa bitəcəyini ümidi bizə təsəlli verir. Mən bu məktubumla mənimlə həmfikir olan həmkərlarımın da narazılıqlarını ictimailəşdirməyinizi xahiş edirəm.
Çünki bizə akademiyada ilk növbədə dövlət tərbiyəsini aşılamışlar və aldığımız bu tərbiyə bizim Naxçıvan DİN-in bəzi qanunsuz əmr və göstərişlərinin icrasını düzgün yerinə yetirməyimizə imkan vermir. Nəticədə cəzalanırıq, ən yüngül halda isə danlanırıq.
Son zamanlar yenə biz polis sahə inspektorlarına heç bir qanunvericiliyə, təlimata uyğun olmayan tapşırıq veriblər. Ərazidə yaşayan vətəndaşların evlərinə gedib onların hər bir ailə üzvünü qeydiyyata almaq barədə göstəriş almışıq. Bu isə vətəndaşlarda haqlı narazılıq yaradır. Hətta onlar küçə qapısında bizi görəndə qapını üzümüzə bağlayırlar. Üzümüzə salıb evlərinə gedəndə isə ev sahibi acıqlı-acıqlı bizdən soruşur: “Mənim arvadımın, qızımın adı sənin nəyinə lazımdır? Sən onun adını qeydiyyata salırsan? İndi gəl, bu suala cavab ver. Bizim isə həm boş yerə vaxtımız gedir, həm də gördüyümüz işin heç bir məntiqli əsası olmur. Rəislər isə bu qeydiyyatın tez yekunlaşması üçün əsassız olaraq bizi iş vaxtından sonra da ərazidə saxlayırlar. “Bu, nazirin tapşırığıdır” deyib bizə hədə-qorxu gəlir, hətta söyüş söyməkdən belə çəkinmirlər. Ümid edirik ki, bəlkə bu yazı yayımlandıqdan sonra biz binəvalara da gün doğa”.