Bu nə biabırçılıqdır?- İlqar İsbatov özü bir yandan, oğlu da bir yandan... - İLGİNC FAKTLAR


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

7GÜN TV yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Feniks-AA” MMC (VÖEN- 2000094981) olub.

Tender müsabiqəsinin şərtlərinə görə “Feniks-AA” MMC “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərini hazırlayacaq. Abadlıq işləri üçün layihə-smeta sənədlərinin hazırlanmasına görə Bakı Şəhər İcra Hakimiyyəti “Feniks-AA” MMC-yə 580 min 300 manat ayıracaq.

Məlumat üçün bildirək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir. Şirkətin qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur.

Onu da bildirək ki, Aydınlı Aydın İlqar oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar Aydın oğlu İsbatovun oğludur. “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib. 2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.

Qeyd edək ki, “Feniks-AA” MMC bugünə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub.

Xatırladaq ki, bir neçə gün əvvəl İlqar İsbatovun özü ilə bağlı ilginc faktları təqdim etmişdik.

Buradan aydın olanı odur ki, İsbatovun özü bir yandan, oğlu da bir yandan büdcəmizə daraşıblar...
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...