Səmayə Cəfərova: "Onu o qədər döyüblər, qabırğaları sınıb"


Ağdaş sakini Səmayə Cəfərova oğlunun ölümünə görə polisləri ittiham edir. Onun sözlərinə görə, oğlu polislərin döyüb yetirdiyi xəsarətlər nəticəsində dünyasını dəyişib.

7GÜN TV Bizimyol.info-ya istinadən xəbər verir ki, söhbət 1975-ci il təvəllüdlü İbrahim Cəfərovun ölümündən gedir. O, mayın 4-də gecə saatlarında yaşadığı evdə vəfat edib. Lakin anası deyir ki, bu hadisədən bir gün əvvəl Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları onu möhkəm döyüb.

Səmayə Cəfərova danışır ki, mayın 3-də axşam saatlarında polislər onu saxlayıb: “Oğlum ad günündən gəlirdi, buna görə içkili idi. Bunu bəhanə eləyib, onu saxlayıblar, zorla maşına mindirib aparanda oğlum etiraz edib. Deyib ki, cibimə nəsə atmaq istəyirsiz? Onu o qədər döyüblər, qabırğaları sınıb. Bunu sonradan ekspert rəyində bildik. Üstündə dubinka, çəkmə izləri vardı. Həm dubinka ilə döyüblər, həm də təpikləyiblər”.

Oğlunun evə gələrkən vəziyyətinin ağır olduğunu deyən ananın sözlərinə görə, bununla belə, İbrahim Cəfərov başına gələnləri danışıb, onu döyən polislərin adlarını deyib. Səmayə Cəfərova Daxili İşlər Nazirliyinə müraciət edib ki, Ağdaş Rayon Polis Şöbəsinin Elçin, Fəqan, Adəm, Vüsal adlı əməkdaşları, eləcə də baş əməliyyat müvəkkili Allahverdi Məmmədov cinayət məsuliyyətinə cəlb olunsun.

Hazırda Səmayə Cəfərova polislərlə yanaşı, həm də Ağdaş rayon Prokurorluğunun müstəntiqi Nəriman Bağırov və rəy vermiş ekspertlərdən də narazıdır, onların da cəzalandırılmasını istəyir. Ana bildirir ki, oğlunun ölümüylə bağlı ekspertiza rəyləri saxtadır. Müstəntiq də bu rəylər vasitəsilə işi ört-basdır edir, təqsiri olanları məsuliyyətdən kənarda saxlayır.

Birinci rəyi Ağdaş rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin eksperti Nasir İsgəndərov verib. O göstərib ki, ölümə səbəb qaraciyər sirrozu, Hepatit-lə əlaqədar inkişaf etmiş xroniki ürək çatışmamazlığının kəskinləşməsi, ürək-qaraciyər çatışmazlığı olub. Həmin rəydə göstərilib ki, İbrahim Cəfərovun meyitində sağ kürəkaltı nahiyyənin qançır və sıyrığı, VIII-IX qabırğarası sahədə qansızmalar, V-VI qabırğarası nahiyyənin sıyrıqları da aşkarlanıb. Bu xəsarətlərin küt alət təsirindən yarana bilər. Amma bu xəsarətlərin ölümün səbəbi ilə əlaqəsi yoxdur.

İbrahim Cəfərovun anası bu rəylə razılaşmayıb, tələb edib ki, yenidən ekspertiza keçirilsin. Bu dəfə Yevlax rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya şöbəsinin eksperti Vahid Xəlilov rəy verib. Bu rəydə isə qabırğanın sındığı göstərilib.

“Sağ kürəkaltı nahiyyənin tış hissəsinin qançırı və sıyrığı, sağ VIII qabırğanın onurğayanı xətt üzrə yerini dəyişməyən sınığı, kənarları qabırğalı, ucu sferik, uzunsov formalı bərk küt alətin təsirindən törənib, həyatidir...”, - deyə ekspert rəydə yazıb. Amma o da qeyd edib ki, ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur.

Ana hesab edir ki, bu xəsarətlərin ölümə səbəb olmaması haqda rəy verməkdə məqsəd əsl günahkarları məsuliyyətdən kənarda saxlamaqdır. Onun fikrincə, müstəntiq ekspertlə əlbir olub, bu işi görür.

Səmayə Cəfərova polislərə görə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Səhiyyə Nazirliyinə müraciət edərək, polislərin, müstəntiqin və ekspertlərin cəzalandırılmasını tələb edib.

“Ekspert müayinədən çıxıb bizə başqa söz deyir, rəydə başqa şey yazır. Bizə deyir ki, qabırğa sınıb, ağciyəri zədələyib, ölümün səbəbi də bu olub. Amma rəydə bunu yazmır. Halbuki, səs yazıları var. Ekspertin marağı nədir ki, gerçəyi gizlədir, olduğu kimi yazmır? Yazıblar ki, qaraciyər sirrozu... Adamın belə xəstəliyi olduğunu sübut edən heç nə yoxdur. Sağlam adam idi. Belə ağır xəstəliyi olan bir dəfə buna görə həkimə getməz? 4 polisin qanunsuz əməllərini ört-basdır eləmək, onları qorumaq üçün dövlətin qanunlarını ayaqlar altına atmasınlar. Xahiş edirəm, oğlumun qanını batırmasınlar...”, - Səmayə Cəfərova bildirib.

Səmayə Cəfərovanın çoxsaylı şikayətlərindən sonra bu iş müstəntiq Nəriman Bağırovdan alınıb. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov da ona söz verib ki, növbəti ekspertiza rəyi tam obyektiv, hərtərəfli olacaq.

Daxili İşlər Nazirliyi İbrahim Cəfərovun polislər tərəfindən döyülməsi, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişməsi haqda anasının dediklərini təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının İbrahim Cəfərova fiziki güc tətbiq etməsi, bundan sonra onun vəfat etməsi haqda iddialar həqiqətə uyğun deyil:

“Mayın 3-də gecə saatlarında rayon ərazisində xidmət aparan polis əməkdaşları yolun kənarındakı bir nəfərin yerə yıxıldığını aşkar ediblər. Sərxoş vəziyyətdə olan həmin şəxsin şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də digər cinayət əməllərinə görə bir neçə dəfə məhkum olunmuş İbrahim Cəfərov olduğu müəyyən edilib. Polislər həmin şəxsin yaşadığı ünvana çatmasına köməklik göstərməyə çalışsalar da, o, bundan imtina edərək özü gedəcəyini bildirib. İbrahim Cəfərovun evinə çatana qədər isə bir neçə dəfə də yıxıldığı ətrafdakı müşahidə kameralar vasitəsilə qeydə alınıb. Növbəti gün yenidən İbrahim Cəfərov saat 16 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gələrək yatıb və saat 23 radələrində yaxınları onun öldüyünü aşkar ediblər”.
Səmayə Cəfərova: "Onu o qədər döyüblər, qabırğaları sınıb"