Pulun varsa, həbsxanada normal şəkildə yaşayacaqsan...


İyul ayının 22-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2022-ci ilin birinci yarımili ərzindəki (6 aylıq) fəaliyyətin yekunlarına dair videokonfrans formatında müşavirə keçirilib. Bəs, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni niyə onlayn formatda təşkil edib? Şübhəsiz ki, müşavirənin bu şəkildə keçirilməsi Penitensiar sistemdəki ciddi nöqsanların və qanunsuzluqların üzə çıxmasının qarşısını almaq məqsədini daşıyır. Eləcə də, son günlər koronavirus xəstəliyi ilə bağlı müşahidə olunan artım Penitensiar Xidmətin rəhbərliyinə bu məsələdə “yardımçı” olub.

Müşavirədə çıxış edənlər – C.Həsənov və onun müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov hesabat dövrü ərzində Penitensiar sahədə əldə olunmuş “nailiyyətlər”dən danışaraq, nitqlərini ənənəvi tərif və primitiv notlar üzərində qurublar. Uzun illərdir Penitensiar sistemdə “daşlaşan” korrupsiya hallarından, orada baş verən qanunsuzluqlardan danışan olmayıb. Hətta Penitensiar Xidmətin rəhbərliyi İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) aşkarladığı nöqsanlar barədə də yalanlar danışmağa məcbur olub. Bu haqda daha sonra…

Ötən illə müqayisədə bu il Penitensiar sistemdəki mənfi hallar statistik göstərəcisini artırıb, orada baş verən qanunsuzluqların əhatə dairəsi daha da genişlənib və korrupsiya halları inanılmaz həddə çatıb.

Məsələn, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində ötən illə müqayisədə bu il məhkumların sayın kifayət qədər çoxalıb.

Ötən il cəzaçəkmə müəssisələrində 69 nəfər vəfat etmişdisə, bu il vəfat edənlərin sayı 76 nəfərdir. Ötən illə müqayisədə bu il intihara cəhd hallarında da ciddi artım müşahidə olunur.

Penitensiar sistemdə niyə köklü dəyişikliklər həyata keçirilməlidir?

7GÜN TV xəbər verir ki, Penitensiar sistemdə fəlakət həddinə çatan problemlərlə bağlı Azsiyaset.com saytında mütəmadi olaraq ciddi məqalələr dərc olunub. Bu məqalədən sonra da orada hər hansı dəyişikliyin baş verəcəyini düşünmək ciddi suallar doğurur. Amma son günlər Azərbaycanda baş verən əhəmiyyətli və strateji hadisələr Penitensiar sistemdəki özbaşınalıqların yenidən gündəmə gətirilməsini zərurətə çevirir. Azərbaycanın yeni inkişaf relsinə qədəm qoyması bütün sahələrdə təmizləmə tədbirlərinin həyata keçirilməsini sürətləndirib.

Zəngilanın Ağalı kəndidə onlarla ailənin köçürülməsi, Gömrük Komitəsində həyata keçirilən həbslər, Ursula fon der Leyenin səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında tarixi enerji sazişinin imzalanması, idman sahəsində əldə olunan ciddi nailiyyətlər ölkəmiz üçün yeni üfüqlər açır. Bu baxımdan, islahatlardan kənarda qalan bütün sahələrdə, xüsusilə, dövlətin yeni mərhələdə inkişafına mane olan, korrupsiya bumuna çevrilən Penitensiar sistemdə ciddi tədbirlərin həyata keçirilməsi qaçılmazdır.

Penitensiar Xidmətin qapalı müəssisə olması oradakı korrupsiya hallarının, inanılması mümkünsüz olan, amma real və dəhşətli qanunsuzluqların üzə çıxmasına mane olur. C.Həsənovun yaratdığı dəhşətli mənzərədən cəmiyyətin xəbərsiz olması məhz Penitensiar Xidmətin qapalı müəssisə olması ilə bağlıdır. Azərbaycanın müsbətə doğru dəyişən siyasi dinamikası fonunda bu qurumun aparılan islahatlardan kənarda qalması dövltəçilik üçün ciddi təhülkə yaratmaqdadır.

Ramiz Mehdiyev ənənələri Penitensiar sistemdə yaşamaqdadır

Penitensiar Xidmətin inzibati idarəçilik mexanizmləri, orada baş verən hadisələr qalib Azərbaycan dövlətinin müasir və çevik idarəçilik prinsiplərinin tələblərinə heç bir halda cavab vermir. Xidmətin mövcud spesifikası Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dönəmindəki dağıdıcı idarəçilik prinsiplərinə xasdır. Azərbaycanda R.Mehdiyev ənənənələrinin xüsusi nəfəsliklə qorunub saxlanıldığı əsas məkan məhz Penitensiar Xidmətdir. Bu prizmadan C.Həsənovu R.Mehdiyevin “idarəçilik varisi” – xələfi hesab etmək olar.

Hazırda C.Həsənovun mövcud “personası” iki rels üzrə özünü göstərməkdədir:

– Əldə olunmuş külli miqdarda vəsaitlər hesabına böyük şəxsi biznes şəbəkəsinin yaradılması (“Salyanaqro” MMC, dövlət qoruqlarında şəxsi təsərrüfatın yaradılması, əmlaklar və s. – Bu haqda daha sonrakı məqalədə faktları, fotoları təqdim edəcəyik).

– Yuxarı instansiyalara verilən yalan vədlərlə R.Mehdiyevə xas şəkildə özü haqqında toxunulmazlıq, əlçatmazlıq obrazı yaratmaq… Təcrübə göstərir ki, bu amil məmurlar üçün ən təhlükəli və onların gələcəyini ciddi sual altına salan əsas bürökratik tabludur.

Kriminallaşan cəmiyyət, həbsdən qorxmayanlar ordusunun yaradılması…

Hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində müxtəlif kateqoriyadan olan insanlar cəza çəkir – kriminal qruplaşmaların üzvləri, narkotik maddələrin satışı ilə məşğul olanlar, müxtəlif cinayət törədənlər, dindarlar və s. Amma bütün bu məhbusların hamısı vahid “üsul”la – pulla saxlanılır, heç bir islah prosesi aparılmır. Cəzaçəkmə müəssisələrinin mövcud mənzərəsi belədir: pulun varsa, həbsxanada normal şəkildə yaşayacaqsan, pulun yoxdursa, məhv olub gedəcəksən. Təsadüf deyil ki, bu şəxslər həbsdən azad ediləndən sonra yenidən köhnə “peşə”lərinə qayıtmış olurlar – narkotik satanlar yenidən və daha geniş şəkidə cəmiyyəti zəhərləməyə çalışırlar, müxtəlif cinayət törədənlər bu dəfə daha təhlükəli cinayətkar kimi cəmiyyətə buraxılırlar, dindarlar daha da aqressivləşirlər. Artıq bu şəxsləri həbslə qorxutmaq heç bir effekt vermir.

Penitensiar sistemdə islahatlar aparılmasa, cəmiyyətimizin böyük bir qismi kriminal ünsürlərdən ibarət olacaq və sabah bunun qarşısını almaq mümkünsüz hala çevriləcək. Məhbuslara baxış, cəzaçəkmə müəssisələrinin mahiyyətinə yanaşma dəiyişməlidir. Amma dəyişmir! Çünki Penitensiar Xidmətin rəhbərliyi dövlətin resurslarını şəxsi maraqlarının əsas təminatçısına çevirib. Məhbusların islahlı prosesi ilə bağlı ilə bu qurumdan hökumətə heç bir təklif daxil olmur. Məntiqlə baxanda, hökumətə təkliflər paketi məhz Penitensiar Xidmətin özündən çıxmalıdır.
Pulun varsa, həbsxanada normal şəkildə yaşayacaqsan...

Müəllif: Samir Feyruzov