Penitensiar Xidmətin idarə rəisi 700 min manata ev alıb?!


Ölkə üzrə həbsxanalara nəzarət edən Penitensiar Xidmətin yüksək çinli məmurlarından biri özünə bahalı mülk almağı qərarlaşdırıb. Bu barədə 7gun.org-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təsərrüfat İdarəsinin rəisi, ədliyyə polkovniki Fərhad Həsənov şəhərin mərkəzində almaq istədiyi mülkin dəyəri 700 min manatdır.

Məlumatlı mənbə bildirir ki, Fərhad Həsənov bu istəyini reallaşdırmaq üçün ev sahibinə 100 min manat beh belə verib.

Təbii ki, hər bir şəxsin özünə əmlak almaq hüququ var. Lakin bu zaman dövlət məmuru və çox bahalı bir mülk məsələsi olanda istər istəməz ağla ilk gələn sual “bunu hansı pulla alır”dan ibarət olur. Elə Fərhad Həsənovun da kiçik olmayan bir qurumun idarə rəisi olması bu sualın aktuallığını daha çox artırır.

Qeyd edək ki, sözügedən idarənin əsas funksiyası həbsxanada cəza çəkən və ya istintaq altında olan şəxslərin yataq dəstləri, yatacaq, habelə onların dəyişəkləri, sanitar sistemlərdən tutmuş, adi mismara qədər hər şeylə təhciz etməklə məşğuldur. Lakin bu acı həqiqətdir ki, həbsxanada heç bir dustaq yuxarıda qeyd olunan vasitələrlə təmin edilmir. HHər bir dustaq öz evindən zəruri ehtiyacı olan şeyləri gətirir.

Digər tərəfdən, Fərhad Həsənovun aylıq əmək haqqısı elə də böyük rəqəmlərlə ifadə olunmur. Bəs, belə olan təqdirdə, Fərhad Həsənov hansı pulla 700 min manatlıq mülk sahibi olmaq istəyir? Bu zaman qeyri-ixtiyari yada düşən ilk şey korrupsiya olur. Yəni, sözügedən şəxs aylıq maaşı ilə 100 il belə işləsə, yenə də belə bahalı mülk ala bilməz.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bizi sosial şəbəkələrdə izləyin:

Facebook

YouTube

İnstagram