Milli Şurada növbəti çöküş: Cəmil Həsənli də Əli Kərimliyə etiraz etdi


Milli Şuranın səkkiz il davam edən fəaliyyəti, əslində isə fəaliyyətsizliyi nəticəsiz başa çatdı.

Cəmil Həsənlinin Milli Şuranın sədri postundan istefası qurumda açıq siyasi böhranın baş verdiyini göstərir. Ona görə də sədrin istefası ilə Milli Şurada daxili siyasi çatın dərinləşəcəyi istisna edilmir. Cəmil Həsənlini istefaya məcbur edən səbəb heç də onun dediyi kimi yorulması, yerini gənclərə vermək istəyi ilə deyil, təşkilatdaxili ziddiyyətdən qaynaqlanır. Bunu onun verdiyi açıqlamalardan da görmək olar. Cəmil Həsənli 2014-cü ildən bəri bir təşkilata davamlı olaraq rəhbərliyi təqdir etmədiyini bildirir. Əslində, Cəmil müəllimin bu ifadələrində kifayət qədər incə mesajlar yer alır.

O, ilk növbədə Milli Şuranın perspektivinin qalmadığına işarə edir. Çünki Milli Şura səkkiz il ərzində tərəfdarlarına verdiyi vədin əksinə olaraq heç bir siyasi yeniliyə, irəliləyişə imza ata bilməyib. Bu dövr ərzində Əli Kərimlinin siyasi monopoliyasından kənara çıxa bilməyən Milli Şuranın fəaliyyəti müxalifət düşərgəsində siyasi parçalanma yaratmaqdan ibarət olub. Milli Şuranı dəstəkləməyənlər müxalifət hesab edilməyib. Bu da öz növbəsində, siyasi qütbləşməni, bölünməni daha da dərinləşdirib. Görünür, Cəmil Həsənli bu siyasi uğursuzluğa görə məsuliyyəti AXCP sədri Əli Kərimli ilə bölüşmək istəmədiyindən, kənara çəkilmək qərarına gəlib.

Əslində, indiyə qədər Cəmil Həsənli Milli Şuraya fomal sədrlik etsə də, orada söz sahibi olmayıb. Qurumun adından qərar vermək səlahiyyəti siyasi dirijor çubuğunu əlində saxlayan Əli Kərimliyə məxsus olub. Belə vəziyyət təbii ki, bir gün təşkilatda siyasi böhrana, tənəzzülə, fikir ayırlığına gətirib çıxarmalı idi. Çünki Milli Şuranın siyasi konsepsiyası “qələbə Əli Kərimlinin, məğlubiyyət Cəmil Həsənlinin” prinsipinə söykənib. Bu baxımdan, Cəmil Həsənli istefa verməklə Milli Şuradakı səlahiyyət bölgüsünə, siyasi inhisarçılığa etiraz edir.

Eyni zamanda, Cəmil Həsənli “Milli Şuranın rəhbərliyində yeniləşmə olmalıdır” deməklə başqalarının siyasi oyunlarında alət olmaq istəmədiyinə işarə edir.

İkincisi, Cəmil Həsənli Əli Kərimlinin inhisarında qaldıqca Milli Şuranın perspektivinin mənasız olacağı barədə mesaj verir. Ona görə də sədr dolayısı ilə Əli Kərimlinin özünün Milli Şuradan, bəlkə elə AXCP-dən də uzaqlaşmasının vaxtının çatdığını virğulayır. Çünki son səkkiz ildə siyasi reallıqlar tamamilə dəyişdiyindən, C. Həsənli Milli Şuranın günün tələbi ilə ayaqlaşa bilmədiyini yaxşı anlayır. Faktiki olaraq, siyasi dalandan çıxış yolu tapa bilməyən Milli Şura çöküş mərhələsini yaşayır. Cəmil Həsənli isə istefa verərək təşkilatda yenilənməyə ehtiyac olduğunu bəyan etməklə Milli Şuranın üzləşdiyi siyasi durğunluğa görə özünün deyil, Əli Kərimlinin cavabdehlik daşıdığına işarə edir. (Cebhe.info)

Müşfiq Abdulla