İlham Əliyev: "Heç kim mənə “gözün üstə qaşın var deyə bilməz”
Düz bir il öncə bu gün saytımızda Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İlham Əliyev haqqında “Cəlilabad Gigiyena və Epidemiologiya Mərkəzi niyə “ölü təşkilata”çevirilib?- başlıqlı tənqidi məqalə dərc etmişdik. Məqalə sosial şəbəkədə yayılan kimi GEM-in direktoru “islahata” start verib. Vəzifədə işləyən məmurun öz iş prinsipinə görə islahat aparması öz-özlüyündə yaxşı bir haldır. Əgər o islahat ədalətli aparılarsa…Əmək Məcəlləsinin qanuni tələbləri pozulmursa,bu cür islahatlar hər yerdə yalnız alqışlanmalıdır.
Amma necə deyərlər, sən saydığını say, gör İlham doktor nə sayır?
Belə ki, etibarlı mənbədən aldığımız məlumata görə GEM-in direktoru İlham Əliyevin islahat şousu ciddi narazlıqla qarşılanıb. O, mərkəzdə işləyən 10-dan çox işçilə bağlanmış əmək müqaviləsinə birdən-birə xitam verərək onları işdən azad edib. Yəni, Əmək Qanunvericiliyinin tələbləri kobud surətdə pozulması ilə müşayət olunub. İnsanlar öz işlərini itiriblər. Öz ailələrinə apardıqları bir tikə çörəkdən məhrum olublar.
GEM-in direktoru İlham Əliyevin bu “islahat”ları sərt Karantin dövründə aparmasını da qeyd etsək, sadacə, doktorun bu “qabiliyyətinə” təəccüb etməyə bilmirsən.
7GÜN TV xəbər verir ki, TuranTV.az saytının votçap nömrəsinə GEM-in direktoru İ.Əliyevin “islahatlarının “qurbanı” olan Cəlilabad rayon H.Əliyev prospektində yaşayan 1982-ci il təvəllüdlü Məmmədov Səbuhi Sakit oğlunun şikayəti daxil olmuşdur.
Şikayətçi Məmmədov Səbuhi GEM-də 8 ilə yaxındır işlədiyini qeyd edərək, Mərkəzin direktoru İham Əliyev tərəfindən nəinki qanunsuz olaraq işdən azad olunub, hətta, o təhdidlərə məruz qaldığını da bildirir.
Belə ki, şikayətçi S.Məmmədov GEM-in direktoru İlham Əliyevlə olan dialoqunu bizə belə nəql edib:
“Mən İlham doktorun qəbulunda olanda mənə israrla dedi ki, işdən azad olunmağımla bağlı ərizəni öz xoşuna yaz, çıx. Əks halda səni Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən azad edəcəm. İlham doktordan bunun səbəbini soruşduqda cavab verdi ki, mən Cəlilabad RMX-nın baş həkimi olanda məndən Səhiyyə Nazirliyinə şikayət məktubları yazıbsan.Ona görə sənin kimi “demaqoq” birilə işləmək mənə xoş deyil. Mən İlham doktorun bu sözlərinə kəskin etirazımı bildirdim və mübahisə etdik. Onu başa salmağa çalışdım ki,ölkədə Pandemiya şəraiti var. Yaşamaq çox çətindir. Həm də siz məni Pandemiya dövrü olduğu üçün işdən azad edə bilməzsiniz. Bununla bağlı cənab Prezidentin xüsusi göstərişi var ki, ölkədə pandemiya şəraiti hökm sürdüyü üçün işçini bu və ya başqa formada işdən azad etmək olmaz.
İlham doktor mənim bu iradlarımdan biraz da qəzəblənib mənə hədə-qorxu gələrək təhdid etməyə başladı:
“Sən bilirsənki, bu ölkənin sahibləri-Prezident İlham Əlyev və vitse-Prezident Mehriban Əliyevadır? Mənim bibimoğlu Mehriban xanımın köməkçisidir. (H.ƏLİYEV FONDU YANINDA “REGİONAL İNKİŞAF” ictimai birliyinin rəhbəri MƏHƏMMƏD ABDULLAYEVİ nəzərdə tutur)
Başqa bir bibimoğlu isə Nazir müavinidir. (Rabitə və Yüksək Texnalogiyalar Nazirinin 1-ci müavini Əli Abdullayevdir). Hər ikisi Ailəyə yaxın adamlardır. Oğlum isə Bakıda yüksək vəzifədə işləyir. Heç kim mənə “gözün qaşın var deyə bilməz”.
Mən İlham doktora yenə də ciddi iradlarımı bildirdim ki, Siz qanunlarımızı poza bilməzsiniz. Sizdən yuxarı instansiyalara şikayət edəcəm. O isə cavabında bildirdi ki, əgər sən bir də məndən şikayət etsən səni həbs etdirəcəm. Bax, Sabirabad kəndindən bir nəfər şikayət etmişdi onu həbs etdirdim. Bax, sən də get sakitcə otur yerində…”
Beləliklə, GEM-in direktoru İ.Əliyev məni otağından təhqiramiz formada qovdu. Bir neçə gündən sonra isə ƏM-nin 70-ci Ç bəndi ilə işdən azad etdi.
İndi mən işsizəm. Maddi cəhətdən çətinlik çəkirəm. Dolana bilmirəm. Nə etməliyəm?
Doğrusu, İlham doktorun bu təhdidi məni bərk qorxuzdu və narahat etməyə başladı. Mən cənab Prezident İ.Əliyevə təhlükəsizliyimlə bağlı video müraciət etdim. Sosial şəbəkə hesablarımda bunu paylaşdım. Bundan sonra məni Cəlilabad rayon polis şöbəsinə və rayon prokurorluğuna dəvət etdilər. Müraciətimin səbəblırini soruşdular və izahat alıb buraxdılar. Bu yaxında cənab Prezidentə ölkəni tərk etməyimlə bağlı bir daha video- müraciət edəcəm. Əminəm ki, haqq-ədalət öz yerini tapacaq. İlham doktor kimi qanunları ayaq altına salan məmurlar öz vəzifəsindən uzaqlaşdırılacaq…”
P.S. Əslində İlham doktor RMX-nın baş həkimi işləyəndə korrupsiya və rüşvətxorluq əməllərinə görə vəzifəsindən uzaqlaşdırılmışdı. Bunu Cəlilabadda kiçikdən-böyüyə qədər hər kəs bilir. Bir müddət işsiz qaldı. Hətta, TƏBİB-i məhkəməyə verəcəyini bildirirdi. Amma birdən-birə hansısa “sehrli çubuq”un gücü ilə GEM–ə direktor təyin olundu. Cəlilabadın eks icra başçısı N.Zeynalov həbs olunanda baş həkim kimi başdan-ayağa kimi korrupsiyanın içində olan İlham Əliyev də həbs olunmalı idi.
Vətəndaşın şikayətilə bağlı GEM-in direktoru İ.Əliyevdən qarşı tərəf kimi münasibət öyrənməyə çalışdıq. O telefonda bizi məhkəmə ilə hədələdi. Konkret fikir bildirməkdən imtina edib telefonu üzümüzə bağladı.