"Çingiz Mustafayev şəhid oldu..."- Mehman Əliyev


“Turan” İnformasiya Agentliyində 1990-cı illərdə iki jurnalist şəhid olub. Biz onları cəmiyyətə xatırlatmırıq ki, bu hadisə baş verib və jurnalistlərimiz həlak olub. O jurnalistlərdən biri Fərhad Kərimovdur, o Çeçenistanda həlak oldu. Adil Bünyatov isə 17 mart 1995-ci il Rövşən Cavadovun qiyamının yatızıdırılması zamanı onların qərargahı yaxınlığında vuruldu”

7GÜN TV xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib. M.Əliyev həlak olan jurnalistlərimizin adının yaşadılması üçün ayrıca bir abidə qoyulmasını da təklif edib:

“Çingiz Mustafayev şəhid oldu. Onun haqqında kifayət qədər danışırdılar, ANS həmişə bunu edirdi, amma son olaraq telekanalı bağladılar. Salatın Əsgərova Qarabağda şəhid oldu. Biz həlak olan jurnalistlərimizi xatırlayırıq, amma hesab etmirəm bunun üçün xüsusi bir qayda olmalıdır. Elə insanlar var ki, həyatdan gedir və cəmiyyətdə deməzdim ki, hamısının adı səslənir.

Amerikada Arlikton qəbiristanlığında jurnalistlər üçün ayrılmış xüsusi bir abidə var. O abidədə müharibə zamanı həlak olan jurnalistlərin adları həkk olunur. O cümlədən Fərhad Kərimovun da, Adil Bünyatovun da adı orda qeyd olunub. Hesab edirəm ki, belə bir abidənin Azərbaycanda olması çox yaxşı olardı. Orda təkcə müharibədə deyil, ümumiyyətlə dünyasını dəyişən jurnalistlərin də adlarının qeyd olunması yaxşı olardı. Jurnalistlər də hər il o abidəni ziyarət edərdi. Məsələn, biz ayrıca olaraq Həsən bəy Zərdabinin, Salatın Əsgərovanın, Elmar Hüseynovun məzarlarını ziyarət edirik”.

Qeyd edək ki, bu gün şəhid jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun şəhadətindən 1 il ötür.