Hava Limanında insanları talayırlar-Gömrük əməkdaşları ilə bağlı Prezidentə müraciət


Azərbaycan Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı qanunsuz hallar davam etməkdədir.

7GÜN TV Gununsesi.info-ya istinadən xəbər verir ki, Gömrük Komitəsinin qanunsuzluğu ilə üzləşən Vüsal Mərdaniv adlı vətəndaş Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezidentin Hüquq-Mühafizə orqanları ilə iş üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə şikayət edib.

Vəkil Elçin Sadıqovun Gununsesi.info-ya təqdim etdiyi şikayəti olduğu kimi dərc edirik:

27 aprel 2022-ci il tarixdə Dubaydan Bakıya gələrkən 04 aprel 2022-ci il tarixdə aktivləşdirilərək istifadəmdə olan, 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasında rüsumunu ödəyərək qeydiyyatdan keçirdiyim Iphone 13 Pro Max markalı, 350019043447362 imei kodlu telefonu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz olaraq əlimdən aldılar, və bu barədə qanunsuz akt tərtib edərək şəxsi telefonumu anbara qoydular.

Bildirdilər ki, bu qanunsuz hərəkət barədə göstərişi general (əslində polkovnik olan, ancaq özünə general deyə müraciət etdirən) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov verib.

Baş vermiş qanunsuz hərəkətlə bağlı dəfələrlə müraciət etsəm də, mənə bildirirlər ki, bir aydan az istifadə olunan əşya şəxsi əşya hesab edilə bilməz.

Gömrük əməkdaşlarının bu beyin düşüncəsinin necə formalaşdığını deyə bilmərəm. Ancaq insanların şəxsi istifadəsində olan əşyalardan gömrük rüsumu tutula bilməz.

Belə ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarının 1.3.7. və 1.5. bəndlərinə əsasən şəxsi istifadədə olan əşyalara gömrük rüsumunun alınması qadağan oldunduğu halda, gömrük əməkdaşları Mehman Sadıqovun göstərişi ilə H.Əliyev adına Hava Limanında insanları talamaqla məşğuldurlar.

Xahiş edirəm ki, mənim mobil telefonumun qaytarılmasına, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi polkovnik (özünə general dedirtdirən) Mehman Sadıqovun fəaliyyətinin araşdırılmasına göstəriş verəsiniz.