DYP əməkdaşından şikayət var: Goranboyda “başkəsən qaişnik”


Məlumdur ki, son bir neçə il ərzində ölkəmizin hüquq-mühafizə orqanlarında, ələlxüsus Daxili İşlər Nazirliyinə tabeli qurumlarda həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlar və s. hər kəsin diqqətini cəlb etməkdədir. Çünki, bu dövlət qurumu müstəqil Azərbaycan Respublikasının əsas sütunlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara lazımınca diqqət yetirir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli sturukturlarında fərqli ab-hava yaşanmağa başladı. Yəni, tam əksəriyyətin düşüncəsində belə bir fikir formalaşdı ki, cənab Vilayət Eyvazovun gənc və enerjili, təcrübəli bir şəxs olması, məhz ölkəmizin bu sahəsində yaşanan müəyyən problemləri qısa zaman kəsiyində aradan qaldırmağa imkan verəcək. Bəli, həqiqətən də bu belə oldu. Faktdır ki, ötən 2 il 8 ay ərzində bu yöndə lazımi addımlar atıldı və bu gün də atılmaqda davam edir. Təəssüf hissi ilə qeyd edək ki, indiyə kimi cənab Nazirin rəhbərliyi altında lazımi addımların atılmasına baxmayaraq, hələ də yol polisi əməkdaşlarından bəziləri rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələrə məhəl qoymurlar, bir sözlə çoxsaylı qanunsuzluqlara imza atmaqda davam edirlər. Belə bir səbəblər üzündəndir ki, ayrı-ayrı sürücülər yol polisi əməkdaşlarının müəyyən hoqqaları ilə üz-üzə qalırlar, bəzən də əsassız şəkildə getgələ salınırlar.

7GÜN TV xəbər verir ki, "Gündəm Xəbər"in redaksiyasına daxil olan müəyyən məlumatlara görə, Goranboy RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşı Orxan Saleh oğlu Süleymanov da, bu gün rayon ərazisində əməlli-başlıca “at oynatmaqdadır”. Yəni, bu şəxs daşıdığı vəzifəsindən sui-istifadə etməklə, sanki əksər sürücülərə qənim kəsilib. Belə bir səbəblər üzündəndir kli, Orxan Süleymanovun adı Goranboyda “başkəsən qaişnik” deyə tanınır. Bir sözlə, yol polisi bölməsinin bu əməkdaşı rayon ərazisində sürücüləri əsassız şəkildə təqib edir, incidir, getgələ salır, lazımi əsaslar olmadan protokollar tərtib edir və digər xoşagəlməz addımlarını atır. Ona görə də belə qənaətə gəlmək olar ki, bəlkə də günlərin birində bu şəxsin əməllərindən zinhara gələn sürücülər kütləvi şəkildə Orxan Süleymanova qarşı ciddi addımlarını atacaqlar. Əldə etdiyimiz digər məlumata görə, Goranboy RPŞ-nin Dövlət Yol Polisi bölməsinin sabiq əməkdaşı Səbuhi Ruslan oğlu Qarayev də, məhz belə bir əməllərə qol qoyduğu üçün rəhbərlik onu yol polisi sıralarından xaric edir. Deməli, rayon ərazisindəki sürücülərə qənim kəsilən Orxan Süleymanovla bağlı belə bir addımın atılması üçün zaman yetişib. Odur ki, bu şəxsin əməllərindən cana yığılan sürücülər həmin günü səbirsizliklə gözləyirlər.

Qarşi tərəfi də dinləyə bilərik.