“Nə qədər istəsən sənə pul verərəm”
2020-ci ilin əvvəlində Möhkəm Səmədov məndən şikayət etdi və belə bir iddia irəli sürdü ki, guya mənim ona 1 milyon 500 min dollar pul borcum var. Bəlkə də ötən ilin avqust-dekabr aylarında bir çox media qurumlarında Daxili İşlər Nazirliyi, Xətai RPİ, Cinayət axtarış şöbəsinin əməkdaşı olmuş Elvin Həşimli ilə bağlı yayımlanan məqalələrin mahiyyəti haqda kimlərsə az-çox məlumata malik olsalar da, yüz faiz ehtimal etmək olar ki, tam əksəriyyət məsələnin əsl mahiyyəti haqda lazımi məlumatlara malik deyildilər. Düzdür, həmin vaxtlarda Elvin Həşimli barəsində yayımlanan məqalələrdə bəzi məqamlar açıqlansa da, əksər incəliklərin geniş ictimaiyyətdən gizlədilməsi, məhz ortaya çoxsaylı sualların çıxmasına da səbəb olmuşdur. Çünki, həm bir oxucu, həm də bir media nümayəndəsi olaraq bu şəxsə qarşı səslənən ittihamların kökündə nələrin durması, bizim üçün də qaranlıq qalmaqda idi. Ona görə də, bu yöndə media üzərindən müəyyən araşdırmalar aparmaqla, tərəflərin mövqelərini öyrənməklə lazımi məlumatları əldə etməyə çalışdıq. Çünki, yayımlanan məqalələrdə qeyd olunmuşdu ki, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham olunan Elvin Həşimli ilə bağlı toplanmış iş materialları, hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılmaqdadır. Fakt odur ki, həmin vaxtlarda ayrı-ayrı media qurumlarında təqsirləndirilən şəxs barəsində bir neçə məqalələr yayımlansa da, məsələnin əsl mahiyyətinin gizlədilməsi həm ictimaiyyətin çaşdırılmasına, həm də Elvin Həşimli barəsində xoşagəlməz ictimai fikirin formalaşmasına səbəb olmuşdu. Əsl həqiqətləri öyrənmək məqsədilə Elvin Həşimli ilə əlaqə saxladıq və qarşı tərəf olaraq bu şəxsdən məsələlərə münasibətini öyrənmək istədikdə o, “Cavid Rövşən oğlu Abidov adlı şəxs uşaqlıq dostum olub və 2018-ci ilin yanvar ayının sonlarında bu şəxs mənə “Dayım Möhkəm Səmədovun Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi- 9 ünvanında köşkü var. İstəsən həmin köşkü icarəyə götürüb işlədə bilərsən” dedi. Mən uşaqlıq dostum olan bu şəxsin təkilfini qəbul edib, ayda 500 manat ödəmək şərtilə həmin köşkü icarəyə götürdüm (Mənim yuxarıda qeyd olunan vaxta qədər Cavidin dayısı ilə şəxsi tanışlığım olmayıb). 2018-ci ilin aprel ayının sonlarında Cavid mənə belə bir təklif verdi ki, “Başqa obyekt tapaq və icarəyə götürüb birlikdə işlədək”. Düzdür, həmin vaxta qədər ayrı-ayrı ünvanlarda 3 ədəd köşk işlədirdim. Buna baxmayaraq, uşaqlıq dostumun belə bir təklifi ilə də razı oldum və “Əhmədli” metrostansiyasının yaxınlığında bir köşkü birlikdə icarəyə götürdük. Qeyd edim ki, bu obyektin gündəlik hesabatlarını Cavidin dayısına məxsus olan və Məhəmməd Hadi küçəsi-9 ünvanında yerləşən obyektindəki çayxanada edirdik. Dayısı da əldə etdiyimiz gəlirlərin bölgüsünü görürdü. 2018-ci ilin may ayında Cavidin dayısı qurduğum biznesi və əldə etdiyim qazancı görüb mənə “Nə qədər istəsən sənə pul verərəm” dedi. Onun belə bir təklifindən sonra, iki ay ərzində Möhkəm Səmədovdan üstüstə 110 min manat pul götürdüm. Bildirim ki, həmin vaxtlarda mənim 3 ədəd, Cavid Abidovla şərikli isə, 1 ədəd obyektim var idi. Qeyd olunan məbləğ pulu Möhkəm Səmədovdan götürərkən, biz aramızda belə bir razılaşma da əldə etdik ki, bu puldan əldə olunan ümumi gəlirin 70 faizi ona, 30 faizi isə mənə çatmalı idi.
Onu da bildirim ki, o, ilk günlərdən mənə “Aramızdakı pul məsələsi haqda heç kim, o cümlədən bacım oğlu Cavidin də məlumatı olmasın” deyə lazımi sözünü demişdir. Mən Möhkəm Səmədovdan götürdüyüm 110 min manat (65000$) pulu 20 mart 2019-cu il tarixdə onun özünə qaytardım və ümumi gəlirdən, hansı ki, aramızda əldə etdiyimiz razılaşmaya əsasən, ona 10 ay ərzində təqribən 80- 90 min manat məbləğində əlavə pul verdim. (Vaxtım olmadığı halda aylıq gəlirləri sürücüm Vasif, dayım Rəşad və dostum Elbar ilə göngöndərirdim). Mənim 2018-ci ilin iyul ayına qədər obyektlərimin sayı artaraq 6 ədəd, Cavidlə şərikli obyektlərimin sayı isə 1 ədəd idi.
2020-ci ilin əvvəlində Möhkəm Səmədov məndən şikayət etdi və belə bir iddia irəli sürdü ki, guya mənim ona 1 milyon 500 min dollar pul borcum var. Hətta, o, belə bir iddia da irəli sürdü ki, guya mən həmin pulları Gürcüstan Respublikasındakı qumarxanalarda uduzmuşam. Elə ki, qeyd olunan tarixdə dövlət sərhəddini keçib-keçməməyimlə bağlı rəsmi araşdırmalar aparıldı, o zaman bəlli oldu ki, mən heç bir halda dövlət sərhəddini keçməmişəm. Təəccüblü hal odur ki, bu fakt öz təsdiqini tapmasa da, bununla bağlı ortaya heç bir sübut qoyulmasa da, bu gün də Möhkəm Səmədovun iddiası əsasında müəyyən araşdırmalar davam etdirilməkdədir. Qeyd edim ki, Möhkəm Səmədov bacısı oğlundan şikiayət vermişdi və onun şikayəti əsasında Səbail RPİ-də müəyyən araşdırma işləri aparılsa da, son anda o, şikayətini geri götürməli olur. Faktdır ki, Möhkəm Səmədov bacısı oğluna verdiyi pulları geri ala bilmədiyi üçün, xeyli müddətdir ki, mənə qarşı şər-böhtan atır və bu cür əsassız iddialarını da ortaya qoyur. Bildirim ki, ondan aldığım pulları geri qaytarmağımla bağlı lazımi qeydlərim var və həmin qeydləri həm hüquq-mühafizə orqanlarına, həm də məhkəmələrə təqdim etmişəm. Belə bir səbəbdən də, indiyə kimi bu məsələ ilə bağlı Xətai Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində mənim xeyrimə qərarlar çıxarılıb”.
Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
P. S. Hörmətli oxucular! Biz bir redaksiya olaraq bu yöndə araşdırmamızı davam etdirib, hər kəsi daha müfəssəl məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləyin.
Mövzu ilə bağlı ötən sayımızda dərc olunan yazını bu linkdən oxuya bilərsiniz: