Dünyada koronavirusa yoluxma 400 milyonu ötüb
Dünyada koronavirusa yoluxma sayı 400 milyonu ötüb.
TASS agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.
Son məlumata görə dünyada qeydə alınan COVID-19-a yoluxma hallarının sayı 400 244 031-ə çatıb.
Virus qurbanlarının sayı 5 761 208 nəfərdir.
Yanvarın 7-də yoluxma sayında rəqəm 300 milyon idi. Koronavirusa 20 milyondan çox yoluxmanın aşkarlandığı ölkələrin siyahısında ilk üçlükdə ABŞ, Hindistan və Braziliya qərarlaşıb.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.