"Mənə nə lisenziya, nə akkreditasiya, nə də icazə lazım deyil"-Mehman Hüseynov
Media haqqında yeni qanun jurnalist araşdırmaları üçün məhdudiyyətlərə və qadağalara səbəb olacaq, videobloger Mehman Hüseynov belə hesab edir.Onun fikrincə, yeni qanunun qəbul edilməsilə hüquq-mühafizə orqanları yeni cəza səlahiyyətləri əldə edəcəklər. Xüsusilə, etiraz aksiyalarını işıqlandıran və vətəndaşların şikayətlərini araşdıran jurnalistlərin işinə müdaxilə edəcəklər.
"Ən böyük problem araşdırmaçı jurnalistlər üçün olacaq. Çünki biz dövlət orqanlarına sorğu göndərəndə onlar akkreditasiya və lisenziya tələb edərək cavab verə bilərlər", - Hüseynov "Amerikanın səsi"nə müsahibəsində deyib.
Lisenziyanın, akkreditasiyanın alınması, reyestrə daxil olma zəruriliyi jurnalistləri məmurlardan asılı vəziyyətə salacaq. Əlverişsiz jurnalistləri qanundankənar sayacaqlar və faktiki olaraq fəaliyyət hüququndan məhrum edəcəklər.
Vətəndaş jurnalistikası ilə məşğul olanlar da çətin vəziyyətə düşəcəklər, onlara etirazların çəkilişini və ya vətəndaşların problemləri haqda reportajların hazırlanmasını qadağan edəcəklər.
"Biz neyləməliyik? Əgər jurnalist və ya media orqanı öz prinsiplərinə sadiqdirsə, öz işlərini davam etdirəcəklər. Mənə nə lisenziya, nə akkreditasiya, nə də icazə lazım deyil. Mənim öz müstəqil fikrim var. Hesab edirəm ki, xalqa doğru məlumatlar çatdırıram və bunu qanun çərçivəsində edirəm", - Hüseynov deyib.