“Media haqqında” Qanun layihəsi Troya atıdır?
O qədər də uzaq olmayan yerlərə yola düşəcək qatar üçün platforma haqdaPrezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş media haqqında qanun layihəsi müstəqil KİV-lər, informasiya təşəbbüslərinin daşıyıcıları, ekspert cameəsinin böyük narazılığına səbəb olub. Narazılıq dekabrın 15-də yayılmış və 170-dən çox şəxsin imzaladığı qiymətləndirmə sənədində əsaslandırılıb.
Mənim şəxsi fikrim Azərbaycanda söz azadlığının boğulması ilə bağlı dövlətin çoxillik və bu gün də davam edən siyasətinin, qanunun məzmunu ilə tanışlıq, qanunun qəbulu ilə bağlı qanunsuz metodlar, üsullar və yolların müşahidə edilməsilə yaranıb.
Qanun təkcə KİV üzərində yox, həm də Azərbaycanın bütün informasiya birlikləri üzərində nəzarətin gücləndirilməsinə yönəlib. Orada prezidentdən işsizədək ölkənin istənilən vətəndaşına Konstitusiya tərəfindən verilən informasiya hüquq və təşəbbüslərini kəskin şəkildə məhdudlaşdıran gizli normalar qoyulub.
KİV və televiziya - radio yayımı haqqında qanunları özündə cəmləşdirən qanun layihəsi KİV işçilərinin cəmiyyət qarşısındakı öhdəliklərini kəskin şəkildə məhdudlaşdırır. Bu qanunlar isə KİV və jurnalistlərdən hadisələrin, proseslərin, fikirlərin obyektiv, balanslaşdırılmış, doğru, plüralist işıqlandırılmasını kifayət qədər aydın və maddələr üzrə tələb edir.
Dekabrın 13-də parlamentin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Rəcəbovla görüşdə sual verdim: əgər dövlət gizli senzuradan istifadə edərək (ələ almalar və repressiya vasitəsilə istifadə olunur) azad informasiya mübadiləsni boğursa, yeni qanunun qəbulunun vacibliyindən necə danışa bilər, rəqəmsal informasiya cəmiyyətinin və rəqəmsal informasiya münasibətlərinin inkişafını nəzərdə tutaraq bunu yeni yaranmış vəziyyətlə əsaslandırar bilər. İrad bildirəcəyəm. Əslində media haqqında qanunun qəbul edilməsinin zəruriliyilə bağlı heç bir yazılı müşayiətedici əsaslandırma yoxdur.
Mən "Tərtər işi"ni nümunə göstərdim, bu, bütün cəmiyyət üçün, həm də təkcə Azərbaycan üçün yox bir nömrəli informasiya marağıdır. Bu, qondarma olmayan, milli təhlükəsizlik səviyyəsində əhəmiyyətə malik real faciəvi hadisənin işıqlandırılması yalnız qeyri-hökumət özəl informasiya təşəbbüsləri və qeyri-hökumət KİV resursları vasitəsilə həyata keçirilir.
Heç bir teleradio, nə dövlət, nə də nəzarət altında olan KİV-lər bu barədə heç nə demir. İctimai əhəmiyyətli mövzu ilə bağlı bu kiçik nümunə Azərbaycanda dövlətin KİV-ə nə dərəcədə nəzarət etdiyini göstərir. Və belə bir şəraitdə biz Azərbaycanda informasiya məkanının və informasiya münasibətlərinin sağlamlaşdırılması və inkişaf etdirilməsilə bağlı dövlətin niyyətinin səmimi olmasından danışa bilərikmi?
Həmsöhbətlərim birbaşa cavab verməkdən yayındılar.
Mənim fikrimcə, media haqqında qanun layihəsi aşağıdakı məqsədləri güdür: birincisi, vahid reyestrin, vahid vəsiqənin tətbiqi, dövlətin İnternet-platformanın (audiovizual kontent, İnternet-televiziya) fəaliyyətinə lisenziya vermək hüququ, akkreditasiya orqanının icazəsilə jurnalistlərin akkreditasiyası və s. yollarla dövlətin KİV üzərində nəzarətini gücləndirmək.
Əhməd İsmayılovdan soruşdum ki, vahid vəsiqə anlayışı o deməkdirmi ki, KİV redaksiyalarının öz vəsiqələri etibarsız sayılacaq, cavab verdi ki, xeyr. KİV-lərin vəsiqəsi qüvvədə qalır. O zaman vahid vəsiqə hansı üstünlükləri verir? Qanun layihəsinə baxırıq: muzeylərə pulsuz giriş hüququ, kütləvi tədbirlərin, aksiyaların işıqlandırılması, akkreditasiya.
O zaman sual yaranır ki, bizim jurnalistlər muzey sərgilərini nə qədər tez-tez işıqlandırırlar və bu o deməkdirmi ki, KİV əməkdaşı öz xidməti vəsiqəsilə aksiyaları, tədbirləri işıqlandıra bilməyəcək, akkreditasiyadan keçmək hüququna malik olmayacaq?
Məlum deyil ki, bu hüquqa yalnız vahid vəsiqə sahibi və ya KİV vəsiqəsi olan əməkdaş malik olacaq. Vətəndaşların kütləvi tədbirləri işıqlandırmaq hüququ olacaqmı? Belə ki, buna konstitusiya ilə hüquqları var.
İkincisi, İnternet məkanda vətəndaşların bütün informasiya təşəbbüslərinin izlənilməsini nəzərdə tutan bu qanunun tətbiqi təhlükəsi altında vətəndaşları ifadə azadlığı ilə bağlı konstitusiya hüquqlarını həyata keçirməkdən məhrum etməkdir. Bu qanunun ruhuna əməl etsək, o zaman Facebook, WhatsApp, YouTube və s. səhifələrin bütün sahibləri qanunun təsiri altına düşürlər və onlara mətn, audio və vizual informasiya yaymaq qadağan edilir.
Media haqqında qanunun adı da tərtibçilər tərəfindən təsadüfən seçilməyib. Qərb cameəsində media geniş məna daşıyır və müxtəlif ifadə üsullarını - maddi (memarlıq, təsviri və s.), qeyri-maddi (informasiya və s.) əhatə edir. KİV media məkanının, sadəcə, bir hissəsidir və onların mass media kimi dəqiq tərifi var ki, bu da tərcümədə KİV deməkdir.
Bəs, media haqqında qanun nədən bəhs edir? Onu Troya atı ilə müqayisə etmək olar. Onun gizli anlamı dövlətə məkanının və informasiya münasibətlərinin daha geniş seqmentində müdaxilə və tənzimləmə hüququ verir.
Və bu qanun layihəsində media və mass-media anlayışları qarışdırılıb. Yəni KİV pərdəsi altında Azərbaycanda informasiya cəmiyyəti üzərində nəzarətin həyata keçirilməsi ideyası gizlədilib. Əgər dövlət media sözü altında ancaq KİV-i nəzərdə tutursa, o zaman qanunda göstərilməlidir ki, Azərbaycan Respublikasında media sözü altında KİV başa düşülür. Həmçinin KİV anlayışını müəyyən etmək lazımdır.
Artıq 1-ci maddədə "Əsas anlayışlar" kütləvi informasiya anlayışının yanlış interpretasiyası verilib ki, bu da qanunun bütün konstruksiyasını əsassız edir.
Baxın, tərtibçilər qanun layihəsinin əsas anlayışlarına nələri daxil ediblər:
1.1.1.kütləvi informasiya - onun qeyri-məhdud sayda şəxsə çatdırılması məqsədilə dərc edilən və ya media subyektləri tərəfindən dərc edilən, əldə edilməsi, ötürülməsi, istehsalı və yayılması Azərbaycan Respublikasının qanunvericiliyilə məhdudlaşdırılmayan informasiyadır;
Yəni, söhbət kütləvi informasiya anlayışının mənasından yox, onun istehsal üsulundan, yayılmasından, alıcısından gedir və üstəlik, burada kütləvi informasiyanın istehsalı üçün eksklüziv hüquq yalnız media subyektlərinə verilir. Medianın subyektləri kimlərdir - bu, bütövlükdə informasiya cameəsidir, yoxsa ancaq KİV-dir?
Əslində, qanunun maddəsinin bu bəndi aşağıdakıları ehtiva etməlidir?
1.1.1. Kütləvi informasiya cəmiyyətin kütləvi şüur səviyyəsində dövr edən informasiyadır. Bu, Konstitusiyanın müddəalarına uyğun olaraq fiziki və hüquqi şəxs tərəfindən istehsal edilə və yayımlana bilər.
Yəni, kütləvi xarakter almış, müxtəlif sayda şəxs arasında yayılan informasiya kütləvi informasiyadır. Anlamı: bir və ya daha çox şəxs, hüquqi şəxs və ya qeydiyyatdan keçməmiş subyekt tərəfindən istehsal edilib-edilməməsinin artıq əhəmiyyəti yoxdur.
Sonra aşağıdakı müddəalar gəlir:1.1.2. Media - KİV kütləvi informasiyanın dövri və ya müntəzəm nəşrini və (və ya) yayılmasını həyata keçirmək üçün istifadə olunan KİV, habelə onların vasitəsilə formalaşan informasiya mühitidir;
1.1.3. KİV-in subyekti - əsas fəaliyyəti kütləvi informasiyanın dərci və (və ya) yayılması olan fiziki şəxs (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir;
Bu müddəalar qeyri-müəyyən və ziddiyyətlidir. İnformasiyanın məkan, yəni informasiya mühiti vasitəsilə ötürülməsi üçün alət və vasitə ola bilər. Bu müddəalardan belə çıxır ki, müntəzəm olaraq informasiya istehsalı və yayımı ilə məşğul olan istənilən şəxs bu fəaliyyətin peşəkar və ya həvəskar olmasından asılı olmayaraq, media subyekti, yəni bu qanunun subyekti sayılır. Bu gün peşəkar jurnalist kimi mən daha az kütləvi istehsal edirəm, nəinki informasiya məkanının jurnalist olmayan iştirakçıları.
İndi də Maddə 3-ə keçək. Bu qanunun tətbiqi sahələri
3.1. Bu qanun Azərbaycan Respublikasının ərazisində yaradılmış media subyektlərinə, redaksiyalara, onların məhsullarına, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən və fəaliyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə yönəldən bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış, yalnız Azərbaycan Respublikasının ərazisində yayımlanan media- məhsullara, həmçinin jurnalistlərə şamil edilir.
3.2. Bu qanunun müddəaları şamil edilmir:
3.2.1. KİV subyekti olmayan şəxslər (jurnalistlər istisna olmaqla) tərəfindən dərc edilmiş informasiya;
3.2.2. Kütləvi informasiyanın yayılması istisna olmaqla, informasiya texnologiyalarında istifadə yoluyla istifadəçilərin bir-birinə göndərdiyi yazışmalar (korrespondensiya);
3.1 bəndində dövlətin xaricdən Azərbaycana bütün informasiya axınını texniki olaraq bloklamaq istəyindən və buna hazır olduğundan söhbət gedir, kütləvi informasiyanı yayan subyektin qanunla fəaliyyət göstərən peşəkar və ya həvəskar KİV və ya ayrıca informasiya təşəbbüsü olub-olmamasının əhəmiyyəti yoxdur. Əslində, bütün bu KİV subyektləri və təşəbbüslər bu milli qanunun yurisdiksiyası sahəsinə daxil edilir.
3.2.1-ci bənddə göstərilir ki, o, jurnalistlərə şamil edilir. Bəs əgər jurnalist redaksiyadan, onun resurslarından kənarda kütləvi əhəmiyyət daşıyan fikir söyləyirsə, bu o deməkdirmi ki, pozucu kimi qanunun təsiri altına düşür? Qanunla bəli.
İndi də ən əsası. 3.3.2-ci bənddə göstərilir ki, ikidən çox şəxs arasında yayılan informasiya kütləvi sayılır. Beləliklə, tərtibçilərin məntiqinə əsasən, informasiya yayan İnstagram, Facebook və s. informasiya yayan istənilən şəxs bu qanunun yəsiri altına düşür və KİV-ə aid olur.
Beləliklə, məntiqdən çıxış edərək, fərqi yoxdur, kimsiniz - prezident, yoxsa işsiz, hansı vasitələrdən istifadə edirsiniz - Facebook, YouTube. Əgər siz həm də qanunda üstüörtülü şəkildə platforma adlandırılan kütləvi audiovizual informasiya yayımçısınızsa, o zaman sizin qatarın bu platformadan o qədər də uzaq olmayan yerlərə yola düşəcəyini gözləməlisiniz. Qanunun mahiyyəti, mənası və ruhu bundadır.
P.S. Bunlar mənim söyləməyə haqqım olan iddialardan sadəcə bir neçəsidir.
Hörmətlə, Mehman Əliyev