Masallı rayon Təklə kənd sakinləri: "İnkişaf edən ölkədə kəndin yollarına baxın!"


69 saylı Masallı- Cəlilabad Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Fəzail İbrahimlidən də səs-soraq yoxdur.

Ölkənin hər yerində olduğu kimi Masallı rayonunda da sosial problemlər kifayət qədərdir. Əhalini narahat edən ən mühüm sahələrdən biri kəndlərdə yolların bərbad halda olmasıdır. Rayonun üç minə yaxın əhali yaşayan Təklə kənd sakinləri "7GÜN" xəbər portalına müraciət edərək yaşadıqları ərazidə yolların dağılmasından, sakinlərin payızda-qışda palçıqdan, yayda isə toz- torpaqdan əziyyət çəkmələrindən şikayətlərini bildiriblər. Onların dediyinə görə rayonun aidiyyatı dövlət orqanlarına dəfələrlə müraciət etsələr də şikayətləri təmin olunmayıb.

Hətta, 69 saylı Masallı- Cəlilabad Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Fəzail İbrahimlidən də səs-soraq yoxdur. Rayonun İHB-sı Şahin Məmmədov isə onları qəbul etmir. İHB-nın Təklə kənd ərazisi üzrə nümayəndəsi Tural Bəşirov və Bələdiyyə sədri Pərvin Eynullayev kənd yoluna asfalt döşənməsi üçün təşəbbüs göstərmirlər. Məktəbli uşaqlar yollarda əziyyət çəkirlər. Dözülməz vəziyyət yaranıb. Kənd sakinləri məmurların biganə münasibətləri ilə qarşılaşıblar. Maddi ehtiyaclar məngənəsində sıxılan kənd əhalisinə bərbad yollar da problemlər yaşadır. Sakinlər haqlı olaraq soruşurlar ki, kənd yollarının tikintisi və təmiri üçün dövlətin ayırdığı vəsaitlər hara xərclənir?!