Soros Azərbaycanda kimləri maliyyələşdirir?


Təhlili analitikaya cavab

Soros Fondu ilə bir zamanlar əlaqəsi olan, bəlkə, indi də bu əlaqəni davam etdirən hökumət mənbələrindən iki gün öncə informasiya alındı ki, hakimiyyətdəki müəyyən destruktiv qrup nəzarət altında olan bir sıra KİV-lərə və mətbuat xadimləri adlandırılan şəxslərə "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə hücuma başlamağı sifariş edib. Səbəb onun ictimai dinləmələrin keçirilməsi məqsədilə media haqqında qanun layihəsini dərc etməyə çağırmasıdır.


İki gün öncə bu qrupun vəkili kimi jurnalistlərin psevdo Həmkarlar İttifaqı Təşkilatının rəhbəri, külli miqdarda xarici qrantı mənimsəyən Müşfiq Ələsgərli çıxış edib. Bu gün isə https://azsiyaset.com/ saytının baş redaktoru Samir Feyruzov Əliyevin ünvanına paskvil dərc edib.

Yazı https://azerforum.com/, https://median.az/, https://azxeber.com/ saytlarında təkrar dərc edilib. Feyruzov "Dövlətin mediaya dəstəyi kimləri və niyə narahat edir? - Mehman Əliyevin "iradları”" adlı paskvili təhlil-analitika rubrikasında dərc edib.

Elə rubrikanın adı redaktorun səviyyəsindən xəbər verir, üstəlik, hələ onun yazdığı paskvilin analitik janra uyğun olmadığını demirik. Bu, sadəcə, paskvildir – səhv, yoxlanılmamış faktların və nəticələrin ifadəsi. Bəlkə də, özü yazmayıb, ona Əliyevi vurmağa qərar verən qrupdan psevdoanalitika göndəriblər. İstənilən halda, təhlil-analitika rubrikası olan saytın redaktoru və məqalənin sifarişçiləri eyni qəbildən olan şəxslərdir və bu da Əliyevi narahat edən psevdojurnalistikanın və məmurçuluğun səviyyəsinin göstəricisidir.

Paskvildə əsas diqqət ona yönəldilir ki, guya qanun layihəsinin açıqlanması tələbinin arxasında Əliyevi istiqamətləndirən xarici qüvvələrin maraqları durur.

Əvvəlcə Əliyevin Soros Fondu (Açıq Cəmiyyət İnstitutu) ilə sıx əlaqəsinə, Sorosun dövlət sisteminə, cəmiyyətə, KİV-ə nəzarət tətbiq etmək cəhdinə istinad edilir.

İkincisi, iddia edilir ki, guya Əliyev mətbuata dövlət yardımına qarşıdır və Skandinaviya ölkələrində KİV-ə dövlət yardımından nümunələr verilir.

Məqalədə Əliyevin Soros Fonduna gəliş tarixi və Fonddakı mövqeyi düzgün göstərilmir. Qeyd olunur ki, Əliyev Fonda 2010-cu ilin iyununda rəhbərlik edib. Bu da, o biri də doğru deyil. Əliyev 2010-cu ilin martında ictimai əsaslarla Fondun İdarə Heyətinin (Müşahidə Şurası) sədri seçilib və Fondun bağlanması ilə əlaqədar 2010-cu ilin payızında oranı tərk edib. Faktiki olaraq onun sədrliyi dövründə Fondun Azərbaycandakı nümayəndəliyinin bağlanması prosesi gedib.

Soros Fonduna gəlincə, onu Azərbaycana Mehman Əliyev yox, 1997-ci ildə Heydər Əliyev dəvət etmişdi. Həmin vaxta qədər "Turan" heç bir təşkilatdan - yerli və ya xarici təşkilatdan qrant almayan, 45 nəfərlik ştatı ilə hərtərəfli informasiya qurumu idi.

2003-cü ildə prezident seçkiləri ərəfəsində Corc Soros Azərbaycana gəlmişdi. Heydər Əliyev ilə görüşmüş, İlham Əliyevlə tanış olmuşdu. O vaxt Mehman Əliyev də seçkilərin şərtlərilə, namizədlərin uğur qazanma şansları ilə maraqlanan Sorosla görüşmüşdü.

Fond Azərbaycanda islahatların aparılması və ekspert cameəsinin formalaşması üçün az iş görməyib. Təkcə 2008-2009-cu illərdə Fond Azərbaycanda qrantlara, əməliyyat layihələrinə və digər fəaliyyətlərə 6,5 milyon dollara yaxın vəsait xərcləyib. Qrantlar üzrə vəsaitlər aşağıdakı kimi paylanıb; 24 faiz səhiyyə, 3 faiz Şərq - Qərb mövzusu üzrə araşdırmalar, 7 faiz təhsil, 5 faiz mədəniyyət, 2 faiz gənclər, 2 faiz informasiya, 9 faiz hüquq, 8 faiz yerli özünüidarəetmə, 7 faiz KİV, 18 faiz neft gəlirlərinin və ictimai vəsaitlərin şəffaflığı, 5 faiz qadınlar, 10 faiz vətəndaş cəmiyyəti proqramları.

Fondun və digər beynəlxalq donorların resurslarından istifadə edənlərin və istifadə etməkdə olanların çoxu hazırda tanınmış ekspertlərdir, qeyri-hökumət təşkilatlarının rəhbərləridir, parlament və hökumət üzvləridir. Qeyd etmək lazımdır ki, bu gün beynəlxalq qrantların əsas alıcısı Mehman Əliyev deyil, dövlət qurumları və onlarla əlaqəli olan qeyri-hökumət təşkilatlarıdır. Odur ki, Azərbaycanda kimin və kimlərin maraqlarını yürütdüyünə hələ baxmaq lazımdır.

İkinci məsələyə gəlincə, Əliyev KİV-ə dövlət dəstəyinin əleyhinə deyil. Əliyev KİV-in maliyyə-iqtisadi vəziyyətilə bağlı problemlə məşğul olub, 2006-cı ildə prezident yanında xüsusi qurumun yaradılması ideyasını irəli sürüb.

2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra Əliyevə İdarə Heyətinin üzvü olmağı təklif ediblər. Əliyev bir şərtlə razılıq verməyə hazır olub ki, dövlət dəstəyi Danimarka, İsveç, Norveçdə olduğu kimi məsuliyyətli, plüralist, müstəqil KİV-lərin inkişafı üçün xidmət göstərsin. Bununla razılaşmayıblar. Bundan sonra yollar ayrılıb. Nəticədə dövlət dəstəyinə – pul, mənzillərə baxmayaraq, media sahəsində vəziyyət daha da pisləşib.

Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı addımlar, media haqqında qanunun hazırlanması da buradan qaynaqlanır.

Mehman Əliyevin mövqeyi: "Medianın İnkişafı Agentliyi KİV-in kommersiya strukturları kimi vəsait qazanmasına, özünü təmin etməyə qadir olmasına və eyni zamanda jurnalistin peşə-etik kodeksinin meyarlarına uyğun olmasına zəmin yaratmalıdır. Və bundan sonra hər şey ədalətli rəqabət çərçivəsində kimin nəyə qadir olmasından asılı olacaq. Kimsə yolu davam etdirəcək, kimsə kimsəylə birləşəcək, kimsə informasiya sahəsindən gedəcək. Bu, təbii seçim olacaq və bu da öz növbəsində klassik anlamda irəliləyişin, o cümlədən KİV-in mühərriki olan rəqabəti formalaşdıracaq".

"Turan" İA