Ağsu rayon sakinləri: “Soyuducular işləmədiyindən əhalinin ağartısı, ərzağı xarab olur”


“Ağsunun kəndlərində, xüsusən 10 min k/voltluq Ləngəbiz işıq xəttinin üzərində yerləşən 10-a qədər kənddə bir aya yaxındır işıq böhranı yaşanır. Qızmar yay günlərində Ağsu İşıq İdarəsi nəinki obonentləri fasiləsiz işıqla təmin edir, əksinə, hər gün səhər saatlarında söndürülən işıq nahar fasiləsində yandırılır və nahardan sonra hava qaralana qədər yenidən söndürülür”. 7gun.org xəbər verir ki, bu barədə jamaz-a Ağsu rayon sakinləri bildirib.

Onların sözlərinə görə, Ləngəbiz işıq xəttinin üzərində yerləşən Gəgəli, Bico, Keçdiməz, Qəşəd, Ləngəbiz kimi kəndlərdə, demək olar, işıq sistemi yox dərəcəsindədir. Sakinlər deyib ki, 70-80 illik yaşı olan işıq dirəkləri çoxdan çürüyüb yararsız hala düşüb, xətlərsə qırılıb: “Qış aylarında hava şəraiti ilə əlaqədar adıçəkilən kəndlərdə işıqların verilişində tez-tez fasilələr yaranır. İndisə yay fəslidir, yer-göy qaynayır, temperatur evlərin içində adamı qarsır. Külək-tufan olmasa da, indi də işıqlar böyük fasilələrlə verilir. Soyuducular işləmədiyindən əhalinin ağartısı, ərzağı xarab olur. Xəstələr, uşaqlar, ahıl insanlar sərinləşdiricilərdən istifadə edə bilmədiklərindən dözülməz əzaba qatlaşırlar. Problemlə bağlı dəfələrlə işıq idarəsinə sakinlər tərəfindən iradlar bildirilib, lakin böhran qalmaqda davam edir. Bu gün Ağsu İşıq İdarəsinin müdiri Rəhman müəllimlə əlaqə saxladıq. Müdirə deyirik, hər gün səhər saatlarından söndürülən işıq, nahar fasiləsini çıxmaqla, bir də axşam yandırılır. Müdir deyir, Qəşəd kəndində xətlər qırılıb, briqada işləyir. Başa düşmürük, bir aydı Qəşəddə xətt düzəldirlər?! Deyirik, Rəhman müəllim, hər kəndin transformatorlarının ayrıcı var, ordan ayırıb işləyə bilmirlər? Niyə bu qədər kəndləri bu qızmar istilərdə işıqsız qoyursuz? Cavabında deyir ki, elə elə işləyirik də… Deməli, belə çıxır ki, müdirin işçilərindən və görülən işlərdən, yaranan problemlərdən xəbəri yoxdu. Sonra Rəhman müəllim bahanə göstərmək üçün bildirir ki, rayondan kəndlərə gedən xətlərdə tarımlama işləri gedir. Maraqlıdır, sərin havaları qoyub Ağsu İşıq İdarəsi niyə qaynar yay günlərində dirəklərin əyrisini düzəldir, xətləri tarımlayır?!. Ola bilsin, itirilmiş enerjinin yerini doldurmaq üçün bu üsuldan istifadə edirlər. Ağsu İşıq İdarəsi qətiyyən əhalinin rifahını fikirləşmir, fikirləşsəydi bu qaynar yay günlərində əhaliyə zülm, ərzaqlarını zay etməzdi.

Dərdimizi kimə deyək, bilmirik. Məgər işıqdan ötəri də dövlət rəhbərini narahat edək ki, bizə işıq verilsin?!. Azərişıq bu məsələni diqqətə götürməsə, məcburuq ölkə prezidentinə şikayət edək”.