Təqsirləndirlən şəxslər məhkəmə zalında qol damarlarını doğradı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə AR CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən 11 nəfərin məhkəmə prosesi keçirilib.

7gun.org-a daxil olan məlumata görə, məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə (lezva) qol damarlarını kəsərək özlərinə xəsarət yetiriblər. Daha sonra onlar ülgücləri öz boğazlarına dayayıblar.

Məlumata görə, vəziyyətin çətinləşdiyini görən məhkəmə tərkibi zalın tərk edib. Yalnız Penietnsiar Xidmətin konvoyları təqsirləndirlən şəxslərlə danışıqlar apararaq, onları sakitləşdirə bilib.

Suriyada qanusuz silahlı birləşmələrdə döyüşməkdə, terrorçuluqda ittiham edilən Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədlinin bir neçə il əvvəl həbs olunduğu bildirilir.

Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərin ailə üzvləri övldalarına qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirirlər.

Özlərinə xəsarət yetirən təqsirləndirilən şəxslərin son durumları ilə bağlı Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.