Kardiologiya İnstitutunda DİREKTOR ÖZBAŞINALIĞI: Gülnaz Dadaşova qocaman professorları sürgünə göndərir
Elmi-Tədqiqat Kardiologiya İnstitutuna iki il əvvəl direktor təyin olunan Gülnaz Dadaşovanın bu səhiyyə müəssisəsini sözün tam mənasında darmadağın etdiyinə dair ciddi iddialar var.7gun.org Yenicag.az-a istinadən xəbər verir ki, Gülnaz Dadaşova İnstituta Səhiyyə Nazirliyinin xətti ilə təyinat alsa da, TƏBİB yaranandan sonra qurum Ramin Bayramlının tabeliyinə keçib.
İnstitutda olan əməkdaşımızın müşahidələrinə görə, Operativ Qərargahın pandemiya dövrü üçün müəyyənləşdirdiyi sosial məsafə və digər qoruyucu qaydalara məhəl qoyulmur. Əməkdaşların hamısını 1-ci mərtəbəyə yerləşdirən direktorun bu addımı həkimlərin çoxunun COVID-19-a yoluxması ilə nəticələnib.
Eyni zamanda, Dadaşova uzun müddət İnstitutda çalışan təcrübəli həkimləri bezdirərək, onların “öz xoşları ilə ərizə yazıb işdən çıxmaları” üçün əlindən gələni etdiyi də vurğulanır. Əvəzində isə ona “aylıq haqq” formasında “peşkəş”lər verən gənc və təcrübəsiz həkimləri ən yaxşı kabinetlərdə əyləşdirərək, bu sahədə can qoyan görkəmli alimləri uçub-tökülən otaqlarda çürütdüyü iddia olunur.
Nə qədər təəccüblü və acınacaqlı olsa da, Dadaşova xüsusilə özünün elmi rəhbəri olan tibb elmləri doktoru Rufulla Abdullayevə münasibətdə belə aşırı kobudluqdan çəkinmir. Hətta doktorluq dissertasiyasının qəbulunda belə müstəsna rol oynayan Rufulla Abdullayev qurulmasında xidmətləri olduğu institut binasından çıxarılaraq, “poliklinika” adlandırılan “quş damı”na sürgün edilib.
Bu da təsadüfi deyil. Çünki Gülnaz Dadaşova rəhbəri olduğu İnstitutda yaşlı və təcrübəli mütəxəssislərə qarşı “Xaç yürüşü” elan edib. O baxımdan, “Biz buranı pensionerlərdən təmizləyəcəyik”, “Pensionerər ölüb bitsəydi, canımız qurtarardı” kimi “arzular” Dadaşovanın dilində “işlək” şüarlara çevrilib.
Direktorun nəinki postsovet məkanında, hətta dünya miqyasında nüfuzlu alim kimi qəbul edilən həkimlərdən can qurtarmaq üçün bütün vasitələri məqbul saymaqda olduğu bildirilir.
Eyni zamanda, təsərrüfat işləri ilə maraqlanmağa vaxt tapmayan Dadaşovanın rəhbəri olduğu İnstitut uçub-dağılır. Sadəcə kosmetik dəyişikliklərlə göz boyanır. İnstitutdakı dözülməz şərait oranın təyinatı ilə bağlı əsaslı şübhə yaradır. Lakin bu reputasiya Dadaşovanı əsla qayğılandırmır. Çünki onun bacardığı ən yaxşı iş həkimləri “aylıq peşkəş”lə cəzalandırmaq, təcrbəli həkimləri isə bezdirib uzaqlaşdırmaqdır…
Elmi-Tədqiqat Kardiologiya İnstitutundan səslənən iddialarla bağlı cavab almaq istəsək də, təəssüf ki, telefonlarımıza baxan olmadı. Ancaq istənilən halda yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
7GÜN XƏBƏR qəzeti sosial şəbəkələrdə:
1. Facebook2. İnstagram3. YouTube