AŞPA Azərbaycana nələri tövsiyə etdi?


AŞPA monitorinq altında olan ölkələrin hamısını üzvlük öhdəliklərinə, Avropa Şurasına qəbul olunarkən götürdükləri öhdəliklərə tam əməl etməyə çağırır

7gun.org Azadlıq radiosuna istinadən xəbər verir ki, yanvarın 25-də AŞPA-nın qış sessiyası işinə başlayıb və qurum 2020-ci ildə özünün monitorinq fəaliyyətini qiymətləndirib. Hazırda Azərbaycan və qonşuları daxil olmaqla 11 ölkə tam monitorinq altındadır. Danimarkadan deputat Maykl Aastrup Censenin hazırladığı hesabat əsasında “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib. Sənəddə monitorinq altında olan ölkələrin əldə etdiyi proqres alqışlanıb, Azərbaycan daxil olmaqla bəzi ölkələrdə problemlərin qalmasından narahatlıq ifadə olunur və tövsiyələr irəli sürülür.

Qarabağ müharibəsi

AŞPA-nın Monitorinq Komitəsi ötən il sentyabrın 27-də Dağlıq Qarabağda başlamış və 44 gün çəkmiş müharibəni yaxından izlədiyini bildirir. Ermənistan və Azərbaycan üzrə məruzəçilər münaqişənin dinc həllinə çağıran bəyanatlar verib.

Qətnamənin 11-ci bəndində qurum Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün tərəfləri siyasi dialoqa mane olan qızışdırıcı ritorikadan çəkinməyə; Ermənistanı və Azərbaycanı 9 noyabr üçtərəfli bəyanatının humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə; bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə; mədəni irsə hörmət etməyə çağırır.

Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir, qətnamədə belə deyilir.
İnsan haqları

Ötən ilin aprelində Real sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verilməsi alqışlanır, amma bunun Avropa İnsan Haqları Məhkəməsi qərarının icrası üçün qoyulmuş zaman çərçivəsində həyata keçirilməməsindən təəssüf bildirilir. Bundan başqa, koronavirus pandemiyası səbəbindən yaşı 65-dən yuxarı 176 məhkumun azadlığa buraxıldığı qeyd edilir. Onlardan ikisi 2015-ci il Nardaran hadisələrinə görə “ədalətsiz məhkəmələr nəticəsində təqsirli bilinmişdilər və bu beynəlxalq ictimaiyyətdə narahatlıq yaratmışdı”, qətnamədə vurğulanır.

Sənəddə Azərbaycanda hökumətin opponentlərinə irimiqyaslı repressiyaların, internetə çıxış daxil olmaqla ifadə azadlığına məhdudiyyətlərin, məhkəmənin müstəqil olmamasının, plüralizmin yoxluğu, hüququn aliliyi və insan haqlarının pozulması, sərbəst toplaşma, birləşmə və din azadlığına məhdudiyyətlərin qaldığı qeyd edilir.

Covid-19 pandemiyası və qadağalar

“2020-ci ilin martından Covid-19 pandemiyasına qarşı təhlükəsizlik tədbirləri çərçivəsində hökumətin opponentləri genişmiqyaslı repressiyaya məruz qalıb, İnternetə çıxış məhdudlaşdırılıb. 15-dən artıq müxalifət fəalı və jurnalist karantin qaydalarına pozmaq və polisə tabe olmamaq ittihamıyla 30 sutkalıq həbsə məhkum edilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli de fakto ev həbsinə məhkum edilib, internet və telefon rabitəsi kəsilib”, – hesabatda deyilir.

Sənəddə Prezident İlham Əliyevn ötənilki Novruz bayramı çıxışında koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində siyasi müxalifətin “təcridi”ndən danışması yada salınır. Prezident legitim siyasi müxalifəti xəyanətkar “beşinci kolon” adlandırmışdı.

AŞPA monitorinq altında olan ölkələrin hamısını üzvlük öhdəliklərinə, Avropa Şurasına qəbul olunarkən götürdükləri öhdəliklərə tam əməl etməyə çağırır.

Azərbaycanla bağlı bu ölkənin AŞPA-nın əvvəlki qətnamələrində sadalanan, insan haqları və plüralizmlə bağlı yuxarıda qeyd edilən məsələləri həll etmək, eyni zamanda müharibə ritorikasından çəkinmək tövsiyə olunur.

Hakimiyyət təmsilçiləri isə indiyədək ölkədə hüquq və azadlıqların pozulmasıyla bağlı beynəlxalq tənqidləri qəbul etməyib, bütün təməl hüquqların tam təmin olunduğunu bildiriblər.

7GÜN XƏBƏR qəzetini sosial şəbəkələrdə izləyin, bəyənin və abunə olun:

1. Facebook

2. İnstagram

3. YouTube