Kəstutis Yankauskas yeni saytını təqdim edəcək
7gun.org "Turan"a istinadən xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas eu4Azerbaijan.eu adlı yeni rəsmi internet saytını 18 fevral saat 11:00-da zoom vasitəsi ilə keçiriləcək onlayn görüşdə media nümayəndələrinə təqdim edəcək.Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin press relizində yer alan məlumata görə, istifadəçilər sayt vasitəsilə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yerli və regional layihələr, onlarla bağlı yeniliklər, kampaniyalar və s. barədə məlumatları asanlıqla əldə edə biləcəklər.
Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək sayta mütəmadi olaraq yeni məlumatlar əlavə ediləcək.
Tədbirdə həmçinin Azərbaycanın çap, TV/radio və onlayn mediası üçün Aİ-Azərbaycan əməkdaşlığına dair "Avropa İttifaqı Azərbaycan üçün" (EU4Azerbaijan) adlı müsabiqə elan olunacaq.
Müsabiqənin əsas məqsədi Aİ ilə Azərbaycan arasındakı münasibətlər, o cümlədən həyata keçirilən layihələr və onların ölkəyə təsiri barədə ictimai məlumatlandırmanı artırmaqdır.
Müsabiqənin iştirak qaydaları tədbir zamanı açıqlanacaq.