Beyləqan sakinləri şəhərdəki natəmizlikdən şikayətçidirlər


Beyləqan şəhərinin 20 Yanvar küçəsindəki zibil yığının aradan qaldırılmamasından şikayət olunur.

7gun.org-ın məlumatına görə “Gözətçi”yə daxil olan şikayətdə bildirilir ki, “zibil poliqonu” şəhərin böyük hissəsində yaşayan insanların həyatını dözülməz edib.

Yay aylarında axşamlar zibillik yandırılır, rayon mərkəzinin bir qismini pis qoxulu tüstü bürüyür.

Rayon sakini Əmir Orucov deyir ki, bu “zibil poliqonu” 1994-cü ildən mövcuddur. “Zibil yığını şəhərin 20 Yanvar küçəsinin başlanğıcında yerləşir. Əvvəllər həmin ərazidə yaşayış evləri yox idi. Əhalinin sayı çoxaldıqca, orada fərdi evlər tikilərək məskunlaşma başladı. Bu zibillik köhnə illərin qalığıdır. İllər keçsə də, ora təmizlənmir”.

Əmir Orucov qeyd edir ki, 2019-cu ilin fevral ayında məhəllə sakinləri Beyləqan şəhər icra hakimiyyətinə, eləcə də icra nümayəndəliyinə müraciət edərək zibilliyin ləğv olunmasına çalışıblar. “Bizim səylərimizə baxmayaraq, keçmiş başçı Vaqif Abdullayev və icra hakimiyyəti qurumları məsələyə biganə yanaşıb”.

Şikayətçi həmçinin vurğulayıb ki, həmin ərazidə toplaşan küçə itləri əlavə təhlükə mənbəyinə çevrilib. “İstərdik ki, bu zibillik rayon mərkəzindən kənar bir yerə köçürülsün və orada yaşayan küçə itləri də uyğun yerlərə aparılsın.”

O iddia edir ki, yeni icra başçısı Asif Ağayev ərazidə yaşayan sakinlərin sözü gedən ərazinin zibillikdən təmizlənəcəyinə söz versə də, hələki bu istiqamətdə müvafiq addımlar atılmayıb.

Qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Beyləqan Şəhər İcra Hakimiyyətinə zəng vursaq da, icra hakimiyyətinin rəsmi saytında göstərilən nömrənin işlək olmaması səbəbindən əlaqə saxlaya bilmədik.

Bizi Sosial şəbəkələrdə izləyin:

Facebook

YouTube

İnstagarm