Qaraçuxurun ət satışı məntəqələrinə nəzarət edən varmı? - FOTO
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində dərə sahəsi kimi tanınan ərazidə 3 ət satışı məntəqəsi fəaliyyət göstərir. "Qaraçuxur" (hal-hazırda "Arena Stor") marketin yanında yol kənarında yerləşən ət satışı məntəqəsinin ətrafında yaranmış antisanitariya mühiti diqqəti cəlb edir. Məntəqənin sol tərəfindən keçən şossedən 2 metrlik məsafədə kəsilən mal -qaranın ətinin yuyulması nəticəsində çirkab suları ətrafa dağılır. Şaqqalanmış ət parçaları örtük olmadan satış məntəqəsinin qarşısından asılır.
7gun.org xəbər verir ki, "Asiman" ət dükanında da eyni mənzərə müşahidə olunur. İri ət parçaları gün ərzində dükanın qarşısında məftillərdən asılı qalır. Toz- torpaq hopmuş ət parçaları doğranıb satılır.
"Yağmur" və "Dəniz" şadlıq saraylarının yaxınlığındakı "Beyləqan" ət məhsulları satış məntəqəsində də sanitar- gigiyeniya normalarına riayət olunmur. Mal-qara yol kənarında kəsilib dirəklərdən asılır. Yerli sakinlərdən aldığımız məlumata görə Qaraçuxurdakı ət satışı məntəqələrində mal- qaranın baş əti və oynaq sümükləri də ümumi ətə qarışdırılıb əhaliyə satılır. Maraqlıdır ki, Qaraçuxur qəsəbəsinin səlahiyyət sahibləri ət satışı məntəqələrindəki dözülməz şəraiti hər gün görürlər. Lakin biganə yanaşırlar. Qaraçuxurda ət satışı məntəqələrinə nəzarətin hansı dövlət qurumu tərəfindən həyata keçirilməsi yerli sakinlərə məlum deyil.
7gun.org olaraq ümid edirik ki, Suraxanı rayonunun müvafiq dövlət qurumlarının məmurları Qaraçuxurdakı ət satışı məntəqələrində yaşanan dərəbəyliyə münasibət bildirəcəklər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.