Ülvi Həsənliyə yaxınları ilə əlaqə saxlamağa icazə verilmir


"Abzas Media"nın cinayət işi üzrə həbs olunmuş jurnalistlərə yaxınları ilə əlaqə saxlamağa icazə verilmir.

“7GÜN XƏBƏR” "Turan" informasiya agentliyinə istinadən xəbər verir ki, “Abzas Media”nın təsisçisi Ülvi Həsənli noyabrın 20-dən, yəni həbs olunduğu gündən yaxınları ilə telefonla əlaqə saxlamayıb, ona ailə üzvləri ilə görüşə qadağa qoyulub.

Məlumata görə, qadağa eyni cinayət işi üzrə digər həbs olunmuş jurnalistlərə də şamil olunub.

Vəkillər bildirir ki, qadağa istintaq orqanı - Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən qoyulub. Məhkəmələr də həmin qadağanı qüvvədə saxlayıb.

Bununla belə, vəkillər qeyd edir ki, qadağa nə məhkəmələrin qərarlarında, nə də istintaq tərəfindən əsaslandırılmır. Onlar hesab edirlər ki, sözügedən qadağalar əsassızdır və həbs olunan jurnalistlərin hüquqlarının pozulmasıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat ximətinin rəhbəri Elşad Hacıyev "Turan"-a bildirib ki, qadağalar istintaq tərəfindən tətbiq edilir və bununla bağlı bütün sualların cavabı istintaqda var: "Vəkillərə tövsiyə edirik ki, həmin məsələlərlə bağlı istintaqa müraciət etsinlər".

Azərbaycanda ötən ilin noyabr-yanvar aylarında “Abzas Media”nın altı jurnalisti və mətbuat işçisi həbs olunub. Onlar "qaçaqmalçılıqda" ittiham olunurlar. Jurnalistlər ittihamlarla razılaşmır və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.