''Bu iş başdan-ayağa qurmadır''-Ruslan Həsənov


''Atam onun dağda qızı öldürdüyünü bilirdi, ona görə də atamı həbs elətdirdi''

“Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanovun torpaqları, kənd təsərrüfatı texnikası da daxil olmaqla, onun 5 milyondan çox dəyəri olan əmlaklarını, pulunu mənimsəməkdə, televiziya rəhbərinin özünü, qızı Nigarı, bacısı oğlu Dəyanəti və sürücüsü Hacı Babayevi öldürməyə cəhddə ittiham olunan Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun məhkəməsi davam edir.

İyunun 1-də keçirilən məhkəmədə təqsirləndirilən Şücayət Əkbərovun vəkili Ruslan Həsənov işə baxan hakimlərə yazılı şəkildə məhkəmə tərkibinə etiraz edib. Müdafiəçi vəsatətini məhkəmə kollegiyasının işə qeyri-obyektiv, qərəzli yanaşması ilə əsaslandırıb. Bildirib ki, məhkəmə cinayət işində bəhs olunan milyonların mənbəyini araşdırmaqda maraqlı deyil: “Ötən məhkəmə iclasında AzTV-nin işçisi və Arif Alışanovun şəxsi təsərrüfatını idarə etdiyini deyən Camal Nəbiyev təqsirləndirilən Şücayət Əkbərovu təhqir etsə də, məhkəmə buna göz yumub, əksinə, Şücayətin özünü cəzalandıraraq, zaldan çıxarıb”.

Şücayət Əkbərov vəkilinin etirazına münasibət bildirərkən deyib ki, anası bugünlərdə dünyasını dəyişib, iyunun 1-də onun üç mərasimidir: “Arif Alışanovgil 40-50 baş mal-qaramı oğurlayıb apardılar. İndi anamın yasında kəsməyə bir heyvan tapılmır”.

Məhkəmə hakimlərə etirazın baxılmamış saxlanması barədə qərar qəbul edib.

Digər vəkil İmanqulu Həsənov vəsatət verərək, məhkəmədən Şamaxıda hadisə yerinə, AzTV sədrinin sürücüsünün adına aldığı torpaq sahələrinə baxış keçirilməsini istəyib. Vəkilin sözlərinə görə, ümumilikdə 250 torpaq sahəsindən söhbət gedir.

Bu vəsatət də təmin olunmayıb.

Vəkil İmanqulu Həsənovun daha bir vəsatəti isə digər təqsirləndirilən Aqşin Hüseynovun ifadəsinin sübutlar siyahısından çıxarılması olub. Vəkil bildirib ki, istintaq zamanı Aqşin əməkdaşlığa cəlb olunub. Ona söz verilib ki, digər üç nəfərin üzünə dursa, yüngül cəza veriləcək və azadlığa buraxılacaq. O da razılaşıb: “Ona görə də Aqşin Hüseynova yalnız CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsilə ittiham verilib. Digər təqsirləndirilənlərə qəsdən adam öldürməyə cəhd ittihamı verilsə də, ona belə ittiham verilməyib: “Aqşin məhkəmədə ifadəsində dedi ki, özünü təqsirli bilmir. Müdafiəçisi dərhal onun sözünü kəsib dedi ki, “axı sən, silaha görə təqsirli bilirsən”. Yəni onu yanlış olaraq, yönəltdi”.

Bu vəsatət də təmin edilməyib. Aqşin Hüseynov da hakimin sualına cavab verib ki, onu heç kim öyrətmir.

Daha sonra təqsirləndirilən Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva şahid qismində dindirilib. O, atasının Arif Alışanovla15 ilə yaxındır tanış olduğunu, AzTV sədrinin öz yaxınları ilə tez-tez onlara gəldiyini bildirib: “Bu iş başdan-ayağa qurmadır. Atam olduğuna görə demirəm. Mən özüm də AzTV-də işləmişəm. Gözümü açıb evimizdə tanınmış adamları görmüşəm. O vaxtkı Baş prokuror İxtiyar Şirinov bizim evə gəlib-gedib. Atam 22 il Şamaxıda vəzifədə işləyib. İndi deyirlər ki, atamın heç nəyi olmayıb, hamısı Arif Alışanovundur. Bu, necə olur? Mən Binəqədi Rayon İcra Hakimiyyətində də işləmişəm. Atam o vaxtkı icra başçısı Alı Qocayevlə tanış olub. Mənim atam Arif Alışanov kimi korrupsioner olmayıb, dövlətin pulunu mənimsəməyib. Alışanov deyir ki, 5 milyonu mənimsənilib. Bu adamdan niyə soruşmursunuz ki, sən ayda 1800-2000 manat maaş alırsan, hardandı sənə 5 milyon? Mənim atam heç toyuq başı kəsən adam olmayıb, qalmışdı kimisə öldürmək olsun...”

C.Tağıyeva deyib ki, AzTV sədrinin sürücüsü Hacı Babayev pul dolu torbalarla gəlib, Alışanov üçün torpaq alırdı. Torpaq sahələri də sürücünün adına keçirilirdi: “Alışanov özü də az qala, həftənin beş günü Şamaxıya gəlib-gedirdi. AzTV-də 3000 işçini atıb gəlib torpaq işi ilə məşğul olurdu”.
C.Tağıyeva istintaqı aparan Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Kamal Talıbovdan da şikayətlənib. Bildirib ki, onun ifadəsində yazılanların yarısı yalandır: “İfadəmi oxumadan imzalamışam. Guya demişəm ki, atamın adam öldürmək istəməsindən xəbərim olub? Kim belə söz deyər? Yazılıb ki, guya Xırdalandakı evimizi atam alıb. Pay torpaqlarımızı satıb o evi almışıq, maşını da yoldaşım alıb”.

Təqsirləndirilən şəxslərin Arif Alışanovun bacısı oğlu Dəyanət Cəfərovu da öldürməyə cəhd göstərdiyi iddia olunur. Ona görə D.Cəfərov da zərərçəkmiş qismində tanınıb. O, C.Tağıyevadan “atanız həbs olunduqdan sonra siz beş dəfə məktub yazıb onun bağışlanmasını istəmisiniz. Əgər atanızın günahı yox idisə, niyə bağışlanmasını istəyirdiniz?” deyə soruşanda şahid belə cavab verib: “Bizim əvvəl Rəfael Mənsimov adlı vəkilimiz var idi, bizi aldadırmış. İkili iş görürmüz. Bizi heç yerə şikayət etməyə qoymurdu. O demişdi ki, belə yazaq. O Rəfael Mənsimov bizim başımıza oyun açdı”.

C.Tağıyevanın sözlərinə görə, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları zorla anasını Şamaxıya notariat kontoruna aparıb, əmlaklarını əlindən alıblar. Həmin əmlaklar A.Alışanovun bacısı qızı Nilufərin adına keçirilib: “Dəyanət Cəfərov və Camal Nəbiyev də anamı şantaj ediblər ki, imzalamasa, məni və bacımı da həbs elətdirib atamın yanına göndərəcəklər”.

Atasının günahsız olduğunu söyləyən C.Tağıyeva onun həbsinin səbəbini belə izah edib: “Camaat qan ağlayırdı. Alışanov işçilərə 160 manat maaş verirdi, özü isə 5 milyona torpaq alırdı. Bunlar belə adamdır. Bu gün də atama 1 milyondan çox borcu var. Bundan başqa, atam Arif Alışanovun dağda özüylə gətirdiyi qızı öldürdüyünü bilirdi. Ona görə də tutdurdu”.

Məhkəmə iyunun 8-də davam edəcək.

Meydan.tv