"Gömrük rüsumlarının kəskin artırılması qaçaqmalçılıqın və korrupsiyanın artmasına səbəb olacaq" -Natiq Cəfərli - VİDEO


Azərbaycanda beynəlxalq standartlara cavab verəcək gömrük sistemi qurulmayıb.

Əsasən daxili oyunçuların, özü də böyük oyunçuların, bazarda hegemon mövqeyə malik olan oyunçuların maraqlarını ifadə edə biləcək bir yanaşma var. Bu fikri REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli "Amerikanın səsi" radiosunun Azərbaycan xidmətinə müsahibəsində söyləyib.

Bu, gömrüyün fəlsəfəsinə də uyğun gəlmir. Çünki dünyada gömrüyün fəlsəfəsi daxili bazarın qorunmasına, daxili istehsalçıların dəstəklənməsinə xidmət etməkdən ibarətdir. Amma Azərbaycanda gömrük siyasəti ölkədə istehsal olunmayan malların belə, çox böyük gömrük rüsumları hesabına ölkəyə gətirilməsinə xidmət edir.

Yerli istehsalçıların və sahibkarların dəstəkləndiyini bəyan edən hakimiyyət bəzi mallara gömrük rüsumlarını və vergiləri artırır. ÜTT-yə qəbul planları fonunda bu nə dərəcədə doğrudur?

Hökumətin bu siyasətinə münasibəti şərh edən ekspert deyib ki, Azərbaycan sanki Ümumdünya Ticarət Təşkilatına üzv olmamaq, və yaxud üzvlüyü ertələmək, gecikdirmək üçün danışıqlar aparır. 1997-ci ildən, artıq 21 ildir ki, bu təşkilata üzvlüklə bağlı danışıqları imitasiya edir, danışıqlar prosesi gedir. Hakimiyyət bunu daxili istehsalın, əsasən də kənd təsərrüfatına ayrılan subsidiyaların ÜTT-yə üzvlükdən sonra kəsiləcəyi ilə izah etməyə çalışır. Əslində bu, doğru yanaşma deyil. ÜTT-nin qaydalarına görə üzv olan ölkələrə ən azı ilk 5 il, danışıqlar nəticəsində isə hətta on il, keçid dövrü üçün müəyyən güzəştlər tətbiq olunur.

Azərbaycan hökuməti bəhanə edərək, əsasən də kənd təsərrüfatı məhsullarının dotasiyasını bəhanə edərək ÜTT-yə üzv olmaq istəmir.

2003-cü ildən qonşu ölkələr - Gürcüstan və Ermənistan, 2015-ci ildə Rusiya və Qazaxıstan ÜTT-yə üzv olublar.

Ekspert hökumətin gətirdiyi arqumentləri tutarlı hesab etmir. Çünki ÜTT-yə üzv olmaq rəqabətli mühiti artırmağa xidmət edir. Hökumət isə bildirir ki, yerli istehsalçılar rəqabətə davam gətirməyəcəklər.

Azərbaycan hökumətinin tranzit siyasəti ilə gömrük siyasəti bir-birini nə dərəcədə tamamlayır? Bu sualın cavabında N.Cəfərli deyib ki, Azərbaycan hökuməti həm Şərq-Qərb, həm də Cənub-Şimal dəhlizinin Azərbaycan üzərindən bir loqistik mərkəz kimi həyata keçirilməsinə maraq göstərir. Bundan ötrü kifayət qədər böyük məbləğdə vəsaitlər də ayrılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun əsas sponsoru Azərbaycan olub. Şimal-Cənub dəhlizi çərçivəsində İran ərazisində yeni dəmir yolu xəttinin çəkilməsinə 500 milyon dollar kredit ayrııb.

Məntiqlə hökumətin marağı varsa "yaşıl keçid" sistemi tətbiq olunmalıdır ki, gömrük xidməti yüklərin keçirilməsində maneçilik yaratmasın. "Yaşıl dəhliz" sistemi deyilən bir anlayış var, bu, tətbiq olunmalıdır.

Çox təəssüf ki, hələ ki, bununla bağlı nə qanunvericilik aktlarında, nə də Gömrük Komitəsinin özünün daxili qərarlarında bir yenilik yoxdur.

Vətəndaşların ölkəyə rüsumsuz gətirdikləri mallara yeni məhdudiyyətlərin qoyulması birmənalı qarşılanmır. Söhbət alkoqollu içkilərin, tütün məmulatlarının gətirilməsinin azaldılması, mobil telefonların qeydiyyatına tətbiq edilən gömrük rüsumlarının artırılmasından gedir.

N.Cəfəflinin fikrincə, dünyada tütün məmulatları və spirtli içkilərlə bağlı tətbiq olunan vergi və gömrük rüsumlarının artırılması o qədər də neqativ qarşılanmır. Çünki bu məhsulların baha olması daha az istifadə olunmasına gətirib çıxarır. Amma indiki halda fərdi istehlak məsələsi önə çıxır. Bu isə daxili bazarda, həm spirtli içkilər, həm də tütün məmulatları bazarında hegemon olan şirkətlərə daha çox yarıyacaq. Buna görə də bunun sağlamlıq baxımından edildiyi görünmür.

N.Cəfərlinin fikrincə, gömrük rüsumlarının kəskin artırılması qaçaqmalçılıqın və korrupsiyanın artmasına səbəb olacaq.

Bu sahədə daha da düşünülmüş siyasətin yürüdülməsinə ehtiyac var. O ki qaldı mobil telefonların gətirilməsinə, çox təəssüf ki, bu, fiziki şəxslərə tətbiq olundu.

Hüquqi şəxslər, yəni böyük şəbəkələr daha rahatlıqla, rəqabətsiz və rəqibsiz bir mühitdə mobil telefonların satışını həyata keçirib daha çox qazanc götürəcəklər. Bu biznesə məmurlar tərəfindən nəzarət olunur və bu məhdudiyyətlər onlara yaxşı qazanc gətirəcək, ekspert hesab edir.