Cəmil Həsənli: “O bu yolla, belə natəmiz üsullarla "zərərsizləşdirildi"”


7gun.org “Turan”a istinadən xəbər verir ki, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Facebook səhifəsində "şübhəli" yol-nəqliyyat hadisəsindən bir il sonra komada olan tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin taleyinə həsr olunmuş məqalə dərc edib.

İşgəncələrə və Repressiyalara Qarşı Mərkəzin koordinatoru və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Gülalıyev müalicə olunur, amma bu müalicə ciddi nəticə verməyib.

“2019-cu il oktyabr ayının 29-da Oqtay Gülalıyevə qarşı törədilən bu qəza gözlənilməz deyildi. Qəzadan əvvəl o, xüsusilə Gəncə və Tərtər işlərinə, hakimiyyət orqanlarının işgəncə əməllərini ifşa etdiyinə görə DİN, Baş Prokurorluğa çağırılmış, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri onunla görüşmüş, güc strukturları tərəfəndən hədə, təhdid və şantajlara məruz qalmışdı. Çox təəssüf ki, bu hədə, təhdid və şantajın izləri Oqtay bəyə qarşı törədilmiş qəzanın nəticələrinin ört-basdır edilməsində, zəruri olan təcili tibbi yardımın göstərilməməsində, bu işdə günahkar olanların məsuliyyətdən yayındırılmasında açıq-aşkar duyulmaqdadır”, - C.Həsənli yazıb.

Qəzadan sonra Oqtay bəyin 3 saata yaxın huşu özündə olub, danışıb, telefonla zəng edib və sair. Lakin ağır kəllə-beyin travması almış adama bu müddət ərzində 1 saylı Dövlət Klinik Tibbi Mərkəzində təcili olaraq yardım göstərilməyib, müdaxilə edilməyib, bilərəkdən səhlənkarlıq edilib. Eyni mənzərə “City Hospital”da da müşahidə edilib.

Oqtay bəyin müayinə sənədləri Dövlət Klinik Tibbi Mərkəzində yubadılaraq yalnız bir gün sonra “City Hospital”a verilib. Bu yubanma nə ilə bağlıdır və istintaq bu məsələyə aydınlıq gətirmək əvəzinə ötən ilin dekabrında həkimlərə qarşı qaldırılmış istintaq işinə xitam verib. Eyni zamada bununla bağlı nə Oqtay bəyin ailəsinə, nə də vəkilə məlumat verilməyib. Deməli, prokurorluq orqanları açıq-aşkar burada maraqlı tərəf kimi hərəkət edib.

Digər tərəfdən, Azərbaycanda çoxlarına məlumdur ki, keçmiş təcili yardım xəstəxanası və onun yerində yaradılmış yeni tibbi müəssisə Səhiyyə Nazirliyindən daha çox DİN və digər hüquq- mühafizə orqanlarına tabedir. “Niyə prokurorluq bunu araşdırmayıb ki, qəzadan əvvəl Oqtay bəyi təhdid edən güc strukturlarının yüksək vəzifəli şəxslərindən kimsə qeyd edilən xəstəxanalara ona həmin an zərur olan yardımı göstərməmək barədə təsiri, göstərişi telefon zəngi olubmu?”, - C.Həsənli yazıb.

Müəllifin fikrincə, qəza hadisəsi baş verən andan DİN onu ört-basdır etməyə cəhd göstərib, qəzanı törətmiş sürücünü məsuliyyətdən yayındırmaq üçün müxtəlif üsullara əl atıb və son nəticədə sürücü 2 il 3 ay azadlıqdan, 3 il də sürücülük hüququndan məhrum edilib.

İstintaq Gülalıyevin özünün dindirilməsinin vacibliyi bəhanəsilə yubadılıb, halbuki, prokurorluq bilirdi ki, o, komadadır.

“O.Gülalıyev hakim rejim üçün başağrısına çevrilmişdi. O, Nardaran işinin, dindar vətəndaşlara qarşı həyata keçirilən ssenariləşdirilmiş əməliyyatın ifşasında, Gəncə və Tərtər işində insan talelərinin məhv edilməsinə qarşı mübarizədə fədakarlıq göstərirdi, öz hesabatlarında rejimin işgəncə laboratoriyasından mahiyyətini ortaya qoymuşdu. Heç bir hədə, təhdid, şantaj onu öz yolundan döndərə bilməmişdi. Artıq bir il üç aydır ki, Oqtay Gülalıyev hakimiyyət üçün başağrısı deyil, indi o, öz canı ilə əlləşir. O bu yolla, belə natəmiz üsullarla "zərərsizləşdirildi". Yeri gəlmişkən az əvvəl Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Gözəl Bayramlıdan da hökümət canını buna bənzər üsullarla “xilas” etdi”,- C.Həsənli yazıb.