Tikintisinə milyonlar xərclənən tunel niyə belə oldu?
Necə bir acizlikdir, bir gecə yağan yağışda tuneldə qalan adamı xilas etmək olmadı. Bir gün sonra meyiti tapılır. Gecə onu qurtarmağa gedən başqa bir vətəndaş çarəsizcə geri qayıdır.Sabunçu tunelinin tikintisinə milyonlarla manat pul xərclənib. Tunel 2020-ci ildə tikilib, yağış və qrunt suların kənarlaşdırılması üçün 3 nasos və transformator quraşdırılıb. Yəqin ki, bütün bunlar üçün də xeyli pul yeyilib, kağız üzərində milyonlarla vəsait göstərilib. Bu gün də nəticəsi göz qabağındadır. Belə yarıtmaz bir idarəetmədə hər kəs “Allahın ümidinə” yaşayır. Sabah nəsə baş versə heç kimi xilas edə bilməyəcəklər. Necə ki, etmədilər. İstər Kürün dənizə qarışdığı rayonda, istərsə də yağış sualarının altında qalan vətəndaşın səsini eşidən olmadı. Təbiətin müdaxiləsi olmayan hadisələrdə kobud dillə desək, gopa basmaq olur.
Çıxıb insanlara nələrisə yalanlamaqdan utanmırlar, amma bu hadisəni yalanlaya bilmədikləri üçün, icra başçısı deyir ki, “ola bilər tikinti vaxtı nöqsanlara yol veriblər”.
Bu səhlənkarlıq deyil, “cənab”başçı. Bu təmir etdiyiniz, tikdiyiniz yerlərə kanalizasiya sistemi qoymamağınızla bağlıdır. Bu korrupsiyanın, yeyintinin nəticəsidir. Yağış sualarını aparmaq üçün infrasturukturun düzgün qurulmamasıdır.
Velosiped yolları çəkildi. Qəfil Bakı küçələri yaraşıqlı yollarla bəzədildi. Amma, bir gün üstü bəzək içi təzək olan nə varsa, bu günkü kimi başınızda çat verəcək. Kaş ki, vətəndaşın həyatı bahasına olmasa.
Vafa NagiTarix: 22.10.2024