DGK-də qanunsuz şirkətlərə yenidən "yaşıl işıq" yandırılır?


Dövlət Gömrük Xidmətində uzun illər fəaliyyət göstərən qanunsuz şirkətlərin fəaliyyəti yenidən aktivləşib. Müxtəlif mübarizələr nəticəsində bu şirkətlərin fəaliyyəti müvəqqəti olaraq dayandırılsa da, hazırda vəziyyət əvvəlki səviyyəyə qayıdıb.

7GÜN XƏBƏR Bizimxeber.az-a istinadən bildirir ki, Gömrük Komitəsinin rəhbəri son günlərdə gömrük sistemindəki problemləri açıq şəkildə sadalayıb və mövcud çatışmazlıqları etiraf edib. Ancaq problemlərin həlli üçün mübarizənin olmaması vəziyyəti daha da pisləşdirir.

Belə şirkətlərin sayı artır, onlara nəzarət edən məmurlara isə “dur” deyən olmur. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi rəhbəri Azər Məmmədovun fəaliyyətsizliyi də bu kontekstdə diqqət çəkir. İllərdir bu idarənin qeyri-effektivliyi barədə yazılsa da, heç bir irəliləyiş müşahidə olunmur.

Sahibkarlardan alınan məlumatlara görə, son günlər ölkəyə daxil olan yüklərin yoxlanması prosesi daha da çətinləşib. Yüklərin, heç bir səbəb olmadan, günlərlə yoxlanması sahibkarların işlərinə ciddi ziyan vurur. Bu hallar, təhlükəsizlik məqsədindən çox, sahibkarları incitmək məqsədini güdür-deyə bildirilir.

Maraqlıdır ki, qanunsuz fəaliyyət göstərən şirkətlərə aid yüklər, sürətlə yoxlamadan keçərək sahiblərinə təqdim edilir. Bu, əslində, ciddi nəzarət tələb edən hallardır; həmin şirkətlərin vergi, anbar və işçi vəziyyətləri daima yoxlanılmalıdır.

Lakin bu şirkətlərin nə işçisi, nə anbarı, nə də vergi ödəməsi var. Bununla yanaşı, müəyyən şəxslərin bu qanunsuz fəaliyyətlərə "yaşıl işıq" yandırması, onlara şərait yaratması, vəziyyəti daha da çətinləşdirir.

Ümid edək ki, Gömrükdə fəaliyyət göstərən qanunsuz şirkətlərin fəaliyyəti tamamilə məhdudlaşdırılacaq, dövlətə fayda gətirən, vergi ödəyən şirkətlər üçün müsbət iş mühiti yaradılacaq. Beləliklə, iqtisadiyyatın sağlamlaşdırılması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılacaq.