İlkin Süleymanov: "Hardan bilirdilər ki, uşaq qətlə yetirilib?"
İyulun 31-də Gəncə Apellyasiya Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı oğurlamaqda, 47 gün sonra onu öldürüb, meyitini isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökmdən verdiyi şikayətə baxılıb. 7GÜN XƏBƏR Amerikanın Səsi-nə istinadən xəbər verir ki, məhkəmə İlkin Süleymanov haqqında hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Vəkil Əlibaba Rzayev məhkəmədə çıxışında bildirib ki, İlkin Süleymanovun 4 gün Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanması araşdırılmayıb:
"4 gün polis şöbəsində qandallı vəziyyətdə saxlanmaq işgəncədir. Bu müddətdə o, mənəvi, psixoloji işgəncələrlə yanaşı, fiziki işgəncələrə də məruz qalıb. Mən 10 gündən çox idi ki, onun vəkiliydim, amma görüşməyə qoymurdular. 2020-ci ili yanvarın 23-də İlkin haqqında həbs qətimkan tədbiri qərarından apellyasiya şikayətinə baxılanda onunla görüşdük. Həmin vaxt üzərində işgəncə izləri vardı. Hakim Teyyub Muxtarov özü də gördü xəsarətləri. Məhkəmənin borcu idi ki, işgəncə faktını araşdırsın. Adamın 4 gün işgəncə altında saxlanmasının özü ona bəraət vermək üçün əsasdır. Mən hələ başqa pozuntuları demirəm".
İlkin Süleymanov bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi onu heç bir sübut olmadan 18 il azadlıqdan məhrum edib.
Onun sözlərinə görə, 2020-ci il yanvarın 6-da saxlansa da, ilk dəfə yanvarın 8-də şahid qismində dindirilib. Onda da deyib ki, bu cinayətin ona aidiyyəti yoxdur, sadəcə, evdən çıxanda yolun o tərəfində yanğın görüb yaxınlaşıb. Yanvarın 8-də onların evində də axtarış aparılıb, bu cinayətlə bağlı heç bir sübut aşkarlanıb, bu barədə protokol da var:
"Bəs niyə məni buraxmadılar? Ayın 8-dən sonra da saxladılar. Çünki əvvəldən plan belə olub ki, bu cinayət mənim boynuma qoyulsun".
Məruz qaldığı işgəncələrdən danışan İlkin Süleymanov qeyd edib ki, ayaqlarının altına dəyənəklə zərbələr endirilib, başına qazan keçirilərək, dəyənəklə vurulub, elektroşok verilib və s. Hətta Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada olmuş dustaqlar məhkəmədə dindiriləndə də təsdiqləyiblər ki, İlkin Süleymanov kameraya gətiriləndə üzərində ciddi xəsarətlər vardı:
"Mənə dövlət hesabına vəkil verilmişdi, Araz Əhmədov. O isə mənə vəkillik eləmirdi, əksinə, mənim əleyhimə addımlar atırdı. Məni evimizə çəkilişə aparanda işgəncə izlərinə görə ayaqqabı geyinə bilmirdim. Ona görə tərlik verdilər. Videoda da görünür. Məni həbs qərarı üçün məhkəməyə gətirəndə polislər, prokurorluq işçiləri – hamısı orada idi. Polis rəisi Şirzad Əsgərov əvvəldən axıra qədər məhkəmədə oldu. Mən onların yanında necə deyəydim ki, cinayəti mən eləməmişəm? Axı məhkəmədən sonra yenə o şöbəyə qayıdacaqdım".
İlkin Süleymanov xatırladıb ki, Nərmin Quliyeva itkin düşəndən bir həftə sonra Cinayət Məcəlləsinin 120.2.9-ci maddəsilə cinayət işi başlanıb.
"Bəlkə uşaq tapılacaqdı? Bəlkə qayıdıb gələcəkdi? Hardan bilirdilər ki, uşaq qətlə yetirilib? Deməli, bu planlar əvvəldən qurulub".
İlkin Süleymanov təqsirsiz olduğunu vurğulayıb, cinayətkarların əvəzinə 5 ilə yaxındır ki, günahsız olaraq cəza çəkdiyini deyib:
"Mənim təqsirsiz olduğumu təsdiqləmək üçün başqa sübutlara ehtiyac yoxdur. Vəkillərimin, mənim burada sadaladıqlarımızın bir neçəsi nəzərə alınsaydı, kifayət idi. Çox təəssüf ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində ya sifarişlə, ya göstərişlə vicdansızcasına hökm çıxarıldı. Gec və ya tez həqiqət ortaya çıxacaq. Çox istərdim ki, bu işi bizim yerli məhkəmələrimiz görsün. Təqsirsiz adamın nahaqdan cəza çəkməsi dövlətin adına ləkədir".
Bundan sonra hakimlər müşavirəyə gedib və təxminən 1 saat sonra geri qayıdaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan edib.
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1-ci (oğurlanmış şəxsə əzab vermə), 133.2.4-cü (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.