Quru sərhədlərin bu tarixdə açılacağı gözlənilir
Azərbaycanda karantin rejimi səbəbindən 4 ildir ki, bağlı qalan quru sərhədləri bir aylıq müddətinə açıla bilər. Məlumata görə, hökumətin belə bir addım atması COP29-la əlaqəli olacaq.
Yayılan xəbərlərdə deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hazırda bu məsələni müzakirə edir. Həmin müzakirələrdə bir aylıq quru sərhədlərin açılması müddəti xüsusi diqqət mərkəzindədir. Məlumatlara görə, əsasən avqust və ya sentyabr ayları üçün quru sərhədlərin açılması nəzərədə tutulur.
Mənbələr oktyabrın 1-dən isə quru sərhədlərin birdəfəlik açılacağını qeyd ediblər.
7GÜN XƏBƏR-in məlumatına görə məsələ ilə bağlı Referans.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması həm iqtisadi, həm imic, həm də təhlükəsizliklə bağlı dünyada söz-söhbətlər yaradaraq ölkəyə çox ciddi ziyan vurur: “Bu məsələ həqiqətən də sona çatdırılmalıdır. Dünyada pandemiya ilə bağlı quru sərhədlərini bağlı saxlayan ölkə qalmayıb. Bizdə quru sərhədlərin bağlı olması pandemiya ilə əlaqəlidir. Ona görə də düşünürəm ki, indidən hazırlıq işlərinin görülməsinə ehtiyac var ki, sentyabr-oktyabr aylarından bu məsələ öz həllini tapsın. Bu turizmin canlanmasına səbəb olacaq. Pandemiyadan əvvəl Azərbaycanda turizm baxımından rekord rəqəmlər qeydə alınmışdı. Sərhədyanı ticarətin canlanması üçün də quru sərhədlərin açılması çox vacibdir. Bu həm də ölkənin daxilində rahatlıq yaradacaq”.
Ekspert bildirir ki, bəzi rəsmilərin açıqlamalarına görə, təhlükəsizlik məsələləri səbəbindən sərhədlərin bağlı qaldığı söylənilir və bu gərginlik yaradır:
“İnsanlar düşünür ki, Azərbaycan nə təhlükələr var ki, quru sərhədləri bağlı saxlanılır? Azərbaycan elə bölgədə yerləşir ki, həmişə təhlükələr olacaq. Bu o demək deyil ki, quru sərhədlərini həmişə bağlı saxlamaq lazımdır. Azərbaycan ordusu, hüquq- mühafizə, xüsusi xidmət orqanları çox güclü olan ölkədir. Açıq sərhəd rejimində də Azərbaycan öz təhlükəsizliyini çox yüksək səviyyədə, tam təmin etməyə qadir ölkədir”.
Ekspertin sözlərinə görə, bu baxımdan payız aylarından, elə sentyabrdan quru sərhədlərin açılması çox yaxşı olardı: “Həm də ona görə ki, Azərbaycan COP29-a ev sahibliyi edir. Çox sayda qonağın gəlməsi gözlənilir. Hətta, veloyürüş də təşkil olunacaq. Yüzlərlə velosipedçi başqa ölkələrdən quru sərhəd yolu ilə Azərbaycana gəlib COP29-a dəstək vermək istəyir”.