İdarə rəisi MEDİA-ya şikayət etdi


7GÜN XƏBƏR-in "Cənub Xəbərləri"nə istinadən məlumatına görə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Kərimov Rusif Şakir oğlu Medianın İnkişafı Agentliyinə (MEDİA) şikayət məktubu ünvanlayıb.

R.Kərimov həmin məktubun bir surətini də redaksiyamıza göndərib. Məktubu sizə təqdim edir və bütün maraqlı tərəflərin fikirlərini bildirməyə meydan verməyə hazır olduğumuzu bəyan edirik.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə (MEDİA)

Şikayətimlə bildirirəm ki, “Azerinfo.tv” adlı media qurumu vaxtaşırı olaraq rəhbərlik etdiyim Viləşçay Su Anbarı İstismarı İdarəsi və mənim haqqımda əsassız məlumatlar yayır, hər vəchlə məni və rəhbərlik etdiyim idarəni qərəzli şəkildə nüfuzdan salmağa çalışır.

Onun yazdığına görə, guya mən çoxlu qanunsuz işlər görürəm. Lakin ortada heç bir fakt yoxdur. Nəinki yoxdur, bu şəxslər medianın qızıl qanunlarına zidd olaraq qarşı tərəfin fikrini də öyrənmir. Nəinki öyrənmir, hətta onlarla əlaqə saxladıqdan sonra yalanları barədə təkzib vermir, yazını silmir.

Mən çox yazıb vaxtınızı almaq istəmirəm. Xahiş edir bir səlahiyyətli nümayəndənizi Masallıya göndərin, bütün ezamiyyə xərcinizi də biz ödəyərik. Təki gəlib bu böhtanları, eləcə də son illər rayonun abadlıq və ictimai işlərində necə fəallıq göstərdiyimizi araşdırsın. Bu işlərin arxasında kimlərin və niyə dayandığını da bilirik. Araşdırma zamanı hər şeyi detallı şəkildə təqdim edəcəyik.

Öncədən təşəkkür edirik.

Əlaqə: 050 693 90 89

Rusif Şakir oğlu Kərimov,

Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi