Putyovka pulları, yeyintilər, müxtəlif maxinasiyalar, üzvlük haqları...: AHİK-ın sədri üçün yolun sonu görünür?


Bu pullar Həmkarlar İttifaqı Konfederasiyasına gedir və onlar da pulu hara xərcləyir, məlum deyil.

2018-ci ildə kadr və struktur dəyişiklikləri başlanansa ilk demontaj edilməli, yaxud restavrasiya işləri aparılmalı olan qurum Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası idi. Çünki fəaliyyəti sıfırın altında mənfi göstərirdi. Yəni nazirliklər, komitələr varıydı ki, birləşdirildi və ya ləğv edildi, bu təsisatda da fundamental dəyişiklik zəruri idi. Amma olmadı. AHİK sədri Səttar Mehbalıyevin Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qudası olması da burada rol oynamışdı. Bu nüfuzdan və gücdən istifadə edərək təşkilatı reformalardan kənarda saxlamağa, ənənəvi köhnə idarəetmə metodlarını qorumağa müvəffəq olmuşdu. Hazırda təşkilatın 30 yaşı var. 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilib. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu da bunlar xub, gözəl, pakizə! Bəs bu qədər potensialla hansı işlər görülməkdədir?


7GÜN XƏBƏR-in məlumatına görə, Anaxeber bu mövzuda bəzi araşdırma və dəqiqləşdirmələr aparıb. Məlum olub ki, adı var, özü yox kimi AHİK-də dəyişikliklər qaçılmazdır. Ölkədə sosial şəraitin pisləşdiyi zamanda həmkarlar ittifaqı böyük dəstək olmaq əvəzinə, maxinasiya vintinə çevriliblər. Ən dəhşətlisi odur ki, təşkilat təsis edildiyi gündən bəri sədri eyni adamdır. Mehbalıyev 30 ildir ki, AHİK sədrinin kreslosunu tərk etmir. Hər dəfə qurultay onu "seçib" və sözsüz ki, bir şəxs 30 il eyni vəzifəni tutursa, orada inkişaf, yenilik ola bilməz. Bu, sadə qaydadır. Yenilik orada olur ki, rəhbər şəxs dəyişir və nəticədə yeni gələn fərqlənməyə can atır. Mehbalıyev isə yazıçı Anarın 30 ildən çoxdur AYB sədri olması kimi, AHİK sədri postunu tutur. Bu vəzifə isə ona həyatda 30 il ərzində milyonlarla gəlir qazandırıb: putyovka pulları, yeyintilər, müxtəlif maxinasiyalar, üzvlük haqları...

Avropanın ən sivil, sosial rifah olan ölkələrində belə həmkarlar ittifaqları çox fəaldır, əməkçilərin hüquqlarını müdafiə edirlər, müxtəlif yardım paketləri, kampaniyalar təşkil olunur. Hələ bu inkişaf etmiş Avropadır... Azərbaycan kimi sosial təbəqələşmənin dərinləşdiyi, əhalinin xeyli hissəsinin kasıb olduğu, ehtiyaclar içərisində yaşadığı bir ölkədə isə həmkarlar təşkilatları, başda AHİK və sədri Mehbalıyev olmaqla daha çox iş görməlidirlər. Ötən həftə intihar edən qazidən tutmuş, əlilliyə görə nazirlikdə işləyən qazini belə vurmuş veterana kimi, eləcə də şəhid ailələri, sosial müavinət ala bilməyənlərə qədər cəmiyyətin kasıb zümrəsi ilə maraqlanmaq lazımdır. Amma hələ illər əvvəl elə Mehbalıyevin zülmü ucbatından bir qazi özünü yandırmışdı, düz AHİK qarşısında...

Təşkilatın rəsmi saytına da göz gəzdirəndə belə aydın olur ki, fəaliyyət kosmetikdir. Bu məsələni dilə gətirən Müstəqil Həmkarlar Birliyi də maraqlı nüanslar açıqlamışdı. Təşkilatın qaynar xəttinə şikayətlər daxil olmaqdadır. Müxtəlif sosial şikayətlər, vətəndaşların problemləri haqqında müraciətlər gəlir. Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu demişdi ki, Konfederasiyası əməkçinin yanında dayanmalıdır, əmək müqaviləsi və Əmək Məcəlləsinin tələblərindən irəli gələrək, vətəndaşların hüquqlarını müdafiə etməlidir. Sitat: "Bu gün həyatın bütün sahələrində çətinliklər mövcuddur. Xüsusən də işsizlik, təqaüdlər, icbari tibbi sığorta ilə bağlı. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası isə səsini çıxarmır. Biz onların hansısa açıqlamasını, hökumətə təkliflər paketini görmürük".

Eyni zamanda, sual oluna bilər ki, tələbələrdən hər ay tutulan 2 manat hara gedir? 100 mindən çox tələbənin verdiyi bu pul aylıq 200 min manatın toplanması deməkdir. Həmçinin, müxtəlif peşə sahibləri də bu “terrora” məruz qalırlar. Eyni zamanda, AHİK putyovkaların verilməsində ciddi maxinasiyalar həyata keçirir.

Bu mövzuda danışan iqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirmişdi ki, Həmkarlar İttifaqı Konfederasiyası Azərbaycanın ən korrupsioner qurumudur. Mütəxəssisin sözlərinə görə, həmin pul tələbələrdən ona görə tutulur ki, guya bütün tələbələr həmkarlar ittifaqlarının üzvüdürlər. “Bu pul da guya ki, üzvlük haqqı sayılır. Ancaq həmkarlar ittifaqlarına üzvlük könüllüdür. Həmin tələbənin üzvlük haqqında ərizəsi olmalıdır. Araşdırsanız heç bir tələbədə belə bir ərizə yoxdur, yazmayıb. Bu tutulmalar tamamilə qanunsuzdur. Bu pullar Həmkarlar İttifaqı Konfederasiyasına gedir və onlar da pulu hara xərcləyir, məlum deyil. Çünki şəffaflıq yoxdur, hesabat verilmir. Halbuki hesabat verməlidirlər. Onlar təkcə tələbələrdən deyil, dövlət müəssisələrindən, idarələrdən, təşkilatlardan da bu haqqı tələb edirlər".

Bundan başqa, Mehbalıyevin varidatı hazırda 10 milyonlarla ölçülür. İllərdir ki, AHİK-in Mehbalıyevin “ailə konfederasiyası” kimi idarə olunması kimsəyə sirr deyil. Səttar Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq xanımı və qızı təmsil edir.

Onu da deyək ki, mətbuatda yayılan xəbərlərə görə Səttar Mehbalıyevin xanımı Türkiyədə “Sat Turizm Diş Ticaret Limited” şirkətini təsis edib. 2009-cu ildə Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər. Şirkətin digər ortağı 20 min lirəlik cüzi sərmayə ilə öncə Murat Bakındı olub. Sonradan Murat Bakındı özünə aid 5 faizlik payı Nigar Eyvazova adlı şəxsə satıb. İstanbul Ticarət Sicili Müdirliyinə aid sənədlərə görə 701623 saylı şəhadətnamə alan şirkətin hüquqi ünvanı belədir: Merkezi:İstanbul Bakırköy Yeşilköy Mah.Bostan Sk.Aslan Apt.N.12 D.3. Nizamnaməyə görə şirkətin ticarət, turizmlə məşğul olmaq, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var. Həmçinin dəfələrlə mətbuatda onun “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə əlində böyük sərvət saxladığı barədə yazılıb. Amma qurumun fəaliyyətsizliyi və sədrinin əməlləri bununla məhdudlaşmır. Onları bir məqaləyə sığışdırmaq çətindir. O səbəbdən növbəti araşdırma yazılarında yeni məlumatlar dəqiqləşdirməyə çalışacağıq.

Bununla belə jurnalistika prinsiplərinə əsasən, yazıda adı çəkilən bütün tərəflərin mövqeyini olduğu kimi işıqlandırmağa hazırıq.