"Optimal"dan müştərilərə sayğısızlıq, yoxsa aldatma?...
Azərbaycanda elektronika və məişət avadanlıqları satan mağazalar şəbəkəsi "Optimal Elektronika” MMC-nin müştəriləri tez-tez incitməsi barədə məlumatlar yayılır.Sosial şəbəkədə mağazalar şəbəkəsi ilə bağlı dəfələrlə iradlara rast gəlinib.
Bu dəfə isə şikayət "Optimal Elektronika” MMC şirkətinin servis xidməti ilə bağlıdır.
7GÜN TV-nin məlumatına görə "Arqument.az"a danışan şikayətçi deyir ki, iyulun 30-da mağazalar şəbəkəsinin Hövsan qəsəbəsində yerləşən ofisindən götürdüyü avadanlığın - kondisionerin quraşdırılması ilə bağlı avqust ayında şirkətin "Çağrı mərkəzi"nə müraciət etsə də, mənzilə yaxınlaşan olmayıb. Daha sonra sentyabrın 15-də müştəri təkrar xidmətə müraciət edib.
Şirkətdən bildirilib ki, "Optimal Elektronika”nın servis xidmətinin "vatsap" nömrəsinə yazın.
Sentyabrın 17-də xidmətin "vatsap" nömrəsinə müraciət edib, amma ondan "Zəmanət talonu"nu "vatsap"a göndərməyi tələb ediblər. Yalnız bundan sonra xidmət mənzilə yaxınlaşa biləcəyini deyib.
Müştəri sentyabrın 17-də "Zəmanət talonu"nu təqdim etsə də, şəbəkədən heç bir cavab gəlməyib.
Oktyabrın 8-də müştəri "Optimal Elektronika”ya təkrar müraciət etsə də, ümumiyyətlə, cavab verilməyib.
Müştəri yaxın günlərdə şəbəkəni məhkəməyə verəcəyini deyir.
"Optimal Elektronika” isə müştərinin iddiası ilə bağlı suallara hələ də cavab verməyib.