Etibar Əliyev: "Həmin qruplaşmalar isə nazirlikdə formalaşıb"


"Mən təhsil sahəsində bütün məsələlərin şəffaf olmasının tərəfdarıyam. Qrant və proqramların maliyyələşməsindən tutmuş, məktəblərin təminatı və təchizatı kimi məsələlərə qədər. Elm və Təhsil Nazirliyinin rəhbərliyi buna çalışmalıdır. Təhsil qapalı system deyil, təhsil açıq sistemdir. Dediyim nüanslar nazirliyin saytında öz əksini tapmalıdır. Maliyyə vəsaitinin xərclənməsindən sonra audit prosesi baş verməldir".

7GÜN TV xəbər verir ki, bunu millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev “Yeni Sabah”a müsahibəsində təhsil eksperti Kamran Əsədovun sosial şəbəkələrdə təhsil sektoru ilə bağlı açıqladığı korrupsiya faktlarına münasibət bildirərkən deyib.

Xatırladaq ki, K.Əsədov Elm və Təhsil Nazirliyinin orta məktəblərə oturacaqların, Prezidentin portretlərinin, bunlardan başqa, 44 günlük Vətən müharibəsinə dair qələbəmizi əks etdirən bannerlərin dərindən qat-qat baha qiymətə satılması haqda faktlar paylaşıb.

Deputat təəssüfə qeyd edir ki, nazirliyin fəaliyyətində dediyi şəffaflığı görmür: "Mütəxəssislər, təhsil ekspertləri bu məsələləri mənbə kimi Elm və Təhsil Nazirliyinin informasiya resurslarından götürməlidirlər. Məlumatlar fərdi tanışlıq vasitəsilə əldə olunmamalıdır. Tenderlər də açıq şəkildə həyata keçirilməlidir. Burada insanların vergisindən formalaşan vəsaitlərdən söhbət gedir. Bunun da aydınlığı çox vacibdir".

E.Əliyev əlavə edir ki, məktəblər müstəqil deyil: "Adi qapının cəftəsini dəyişməyə belə azadlığı yoxdur. Məktəb rəhbərliyi Bakıda tam şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regionlarda isə regional təhsil idarələrinə tabedir. Onlara da birbaşa Elm və Təhsil Nazirliyi rəhbərlik edir. Nazirlikdə isə məktəb işindən məlumatsız olan şəxslər toplaşıblar. Məsələn, Elm və Təhsil nazirinin məktəblərə kuratorluq edən müavini məktəbdən xəbəri olmayan birisidr. O, beynəlxalq münasibətlər üzrə mütəxəssisdir.

Məktəb çox mürəkkəb bir sistemdir. Buna görə də bu sahədə birbaşa aidiyyəti olan şəxslər olmalıdır. Məktəblərlə bağlı şaxəli araşdırmalar aparsaq, daha çox neqativ hallara rast gələrik. 10-11-ci sinif şagirdləri məktəbə gəlmir. Bu, böyük bir fəlakətdir. Burada çox böyük vəsaitdən söhbət getdiyindən, təhsilin rəhbərliyində olan şəxslər bunda maraqlıdırlar. Heç bir məktəbin normal saytı yoxdur".

Deputat vurğulayır ki, məktəb direktorlarını ifrat asılı vəziyyətə salıblar. Onun sözlərinə görə, məktəb rəhbərlərini Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif qruplaşmalar idarə edirlər: "Həmin qruplaşmalar isə nazirlikdə formalaşıb. Belə bir məqamda məktəb direktorlarının heç nəyə etiraz etməyə cürəti yoxdur. Onları dərhal vəzifəsindən azad edərlər. Məktəbləri feodal təfəkkürlə idarə etmək olmaz. Bu cür məktəblərdə hansı keyfiyyətdən, şəffalıqdan danışmaq olar?!"

Etibar Əliyev bildirir ki, bu gün abituriyentlər yüksək nəticələr göstərirsə, bu, ilk növbədə abituriyentin öz istedadı, ikinci növbədə, repetitorların hesabınadır. "Çünki məktəblərdə 10-11-ci sinifdə dərs olmadığından biliklə zənginləşmə də yoxdur. Məktəblərdə maliyyə müstəqilliyi olmalıdır. Məktəb laborant, süpürgəçi işə götürə bilmir", - təhsil eksperti qeyd edib.

Millət vəkili hesab edir ki, məktəbin büdcəsi olsa, məktəblərə müəyyən sərbəstlik verilsə, özü özünün bəzi kiçik təminatlarını da həll edə bilər: "Bəzi şeylər kənardan 10 qat baha qiymətinə verilir və akta qol çəkməyə məcbur edilirlər. Bu proses ildırım sürəti ilə baş verir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblər üzərində “Damokl qılıncı”dır. Bundan başqa, xeyli sayda məktəb direktorunu nazirlik və idarədə əyləşən vəzifəlilərin himayə etmələri məktəbi çökdürüb. Qruplaşmaya aid olmayan məktəb direktorlarına ən sərt qaydalar tətbiq edilir. Qruplaşmaya aid olanlara isə “gözün üstdə qaşın var” deyən yoxdur. Qruplaşmaların himayə etdiyi məktəblərdə özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir. Məktəbin belə duruma düşməsini istəməzdim".