Züleyxa Əkbərova: “10 faiz yaşama şansı var, yaşasa da..."
Bakıda yeni doğulan körpə 26 gündür ki, komadadır. Söhbət iyunun 30-da Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) doğuma alınan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərovanın dünyaya gətirdiyi oğlan uşağından gedir. Ailənin iddiasına görə 6 saylı Doğum evinin ginekoloqu Nailə Şahbazovanın səhlənkarlığı və səriştəsizliyi ucbatından körpə doğuş vaxtı başından ciddi travmalar alıb. O vaxtdan indiyədək körpənin öldüyü və ya sağ qaldığı barədə məlumatsızdırlar.
7GÜN TV xəbər verir ki, Bizim.Media-ya bu barədə müraciət edən Züleyxa Əkbərovanın bacısı Aynurə Əsədbəyli bacısının bir aya yaxındır ki, ümidlə yaşadığını bildirib:
“İyunun 30-u gecə saat 2-də bacımı 6 saylı Doğum Evinə gətirdik. Nailə Şahbazova “məni niyə çağırmısız, planlarım var idi” deyə şikayətlənirdi. Səhər saat 8-də 3 kilo, 300 qram çəkidə oğlan uşağı doğuldu. Doğuşdan bir neçə saat keçməsinə baxmayaraq, məlumat ala bilmirdik. Ana və ya uşaq ölümündən şübhələndik. Xeyli müddət sonra həkim aşağı düşdü və “ana yaxşıdır, uşaq isə ağır beyin travması ilə boğulub və reanimasiyaya yerləşdirilib” dedi. Ondan sonra həkim itdi. Dəfələrlə əlaqə saxlasaq da, onu tapa bilmirdik”.
Şikayətçinin sözlərinə görə bacısının və körpənin 9 ay boyunca heç bir narahatlığı, xəstəliyi olmayıb:“Uşaq neçə il sonra olduğu üçün hər ay ana ilə birgə yoxlanışdan keçib. Bütün analizləri təmiz çıxıb. Sadəcə bacımın yaş strukturu var idi ki, ona da doğuma alan həkim razılıq vermişdi. Çünki səhhətindən heç bir şikayəti yox idi. Uşağın vəziyyəti ilə bağlı 26 gündür ki, məlumat ala bilmirik. Nə onu bizə göstərirlər, nə də sağ qaldığı və ya öldüyünü deyirlər. Bir neçə gün əvvəl uşaq həkimi körpənin öləcəyini, hətta 2 saatının qaldığını demişdi. Uşaq isə yaşayır. Amma bitkisəl həyatdadır.
Bəlkə də ölüb, bizə demirlər. Doğulandan indiyədək uşaq nəfəs aparatındadır, ürək döyüntüsü var, amma gözü açılmır və tərpənmir. Gah komadadır, gah da “özümüz yatızdırırıq” deyirlər. Həkimlə heç cür əlaqə qura bilmirik. Zəngə cavab verəndə isə “Xoşunuz gəlmirsə, evinizdə doğuzdurardız. Bundan sonra məni narahat etməyin”deyir. Uşaq həkimlərindən soruşanda başlarını aşağı salırlar.
Çünki bilirlər ki, ginekoloqun məsuliyyətsizliyi ucbatından körpə əziyyət çəkir. İmkan vermirlər ki, özümüzlə həkim aparaq, yaxud da uşağı çıxarıb başqa xəstəxanaya yerləşdirək.
Bacım uşağa süd aparırdı, indi 2 gündü onu da istəmirlər. Deyirlər ki, südü azaltmışıq, mədəsində problemi yaranıb. Hər sahə üzrə həkimin müayinəsinə, MRT aparatına və müalicəyə pul alırlar. Amma uşaq ortada yoxdur. Sənədlərini başqa həkimlərə yoxlatmışıq. “10 faiz yaşama şansı var, yaşasa da iflic qalacaq” deyirlər. Bacım isə ruh kimi gəzir, neçə il sonra tapdığı övladını qucağına alacağına ümid edir”.
Məsələ ilə bağlı 6 saylı Doğum evinin ginekoloqu Nailə Şahbazovla əlaqə yaratdıq. O, açıqlama vermək istəmədiyini, rəhbərliklə danışmalı olduğumuzu bildirdi.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova isə məsələnin araşdırılacağını qeyd edib.