Gültəkin Hacıbəyli Əbülfəz Elçibəy haqqında danışdı, qarşılığında bu sözləri eşitdi


Elçin Paşayev: "Elçibəy haqqında gerçək düşüncəsini ortaya qoymuş oldu"

"Açığı, Qənimət Zahidin "Azərbaycan saatı" verilişinə ilk dəfə idi ki, əvvəldan sonadək baxdım. Səbəbi də o oldu ki, Azərbaycanın müstəqilliyinin şəriksiz müəllifi AXC-nin yaranışının 33 illiyində Qənimət Zahidin efirdə qonağı hansısa AXCP funksioneri yox, Güləkin Hacıbəyli idi".

7GÜN TV "AzNews"a istinadən xəbər verir ki, bu sözləri AXC iqtidarı dövründə Dövlət katibi Pənah Hüseynin köməkçisi, Əbülfəz Elçibəyin sədrlik etdiyi Bütöv Azərbaycan Birliyininin katibi olmuş Elçin Paşayev özünə məxsus Facebook səhifəsində yazıb. O, statusuna belə davam edib:

"Yotubda görəndə belə bir maraq yarandı və verlişə sona qədər baxdım. Və onun ictimai-siyasi xadim kimi, Milli Şura adlanan qurumun sözçülərindən biri kimi elə keyfiyyətlərini gördüm ki, 1992-ci ildə Asim Mollazadənin Prezident aparatında peyda olub, hakimiyyət dəyişəndən sonra AXC sədrinin müavinliyinə təyin edilməsi düşdü. Asimin məsələsi tamam başqa mövzudur deyə, onu saxlayaq sonraya. Keçək Gültəkin Hacıbəylinin çıxışının bəzi məqamlarına. İlk 10 dəqiqədə AXC-nin rolundan bəhs edən xanım müsahib AXC-nin yaranmasını, hərəkatın möhtəşəmliyini vəsf edir, onun yaradıcısı, lideri Əbülfəz Elçibəyi hörmətlə anır, arada çaşıb "Məhəmməd Əmin" demək istəyir və dərhal birinci hecadan sonra özünə düzəliş edərək Elçibəyin adını çəkir (8-33 saniyədə).

Bu, əlbəttə, çoxlarının diqqətini çəkməyə bilərdi və ya əhəmiyyətli qüsur sayıla bilməz. Lakin Rusiya prezidenti Putinin Ukraynayla müharibəyə başlamasını şərh edərkən, təxminən belə bir fikir işlədir:

"... Rus xalqı bundan pensiya istəyirdi, rus xalqı bindan əmək haqqı istəyirdi. Bunları verə bilmədi , ona görə, gəlin yığışaq, "Vətən, Millət, Sakariya", hə, getdik Ukraynanı ağıllandırmağa... " (1-27-30 dəqiqəyə diqqət edin).

Sizcə Gültəkin Hacıbəyli, "Vətən, Millət, Sakariya!" şüarı ilə Vladimir Putini kimə bənzədir?

Heç vaxt düşünməmişdim ki, qadın cinsinə aid olan kiminsə çıxışını təftiş edib, onun nə qədər saxta olduğu haqda nələrsə yazmaq məcburiyyətində qalacam. Efirdə olduğunu bir anlıq unudan bir adamın öz çevrəsində Əbülfəz bəy haqqında daha nələr söyləməsini təsəvvür etmək elə də çətin deyil. Bunları yazmaqda məqsədim heç də Gültəkin Hacıbəylinin Elçibəy haqqında fikirlərini korrektə etməsini tövsiyyə etmək deyil. Əksinə sağ olsun ki, Elçibəy haqqında gerçək düşüncəsini ortaya qoymuş oldu. Sadəcə, özünü AXC-nin varisi hesab edən AXCP rəhbərliyinin özlərinə müttəfiq seçmə fəlsəfəsini başa düşmürəm, illah da ki, o müttəfiq YAP-dan müxalıfətə transfer etmiş biri ola!"